“İmagro” yeni satış və servis mərkəzini açdı - FOTO/VİDEO

16:00 13-04-2021 420

Dünyanın ən məşhur kənd təsərrüfatı texnikası istehsalçılarından biri olan “Massey Ferguson” şirkətinin rəsmi tərəfdaşı olan “İmagro” şirkətinin servis mərkəzi öz qapılarını Bakıdakı müştəriləri və tərəfdaşları üçün açıb.

Sahəsi 1 300 kvadratmetr olan yeni mərkəz ən müasir diaqnostik və servis avadanlığı ilə təchiz olunub.

Tədbirdə çıxış edən “İmagro” şirkətinin rəhbəri Orxan Cəfərov bildirib ki, qeyri-neft sektorunun inkişafı ölkəmizdə strateji sahə elan edilib:

“Azərbaycanda kənd təsərrüfatının innovasiya əsaslı inkişafına dəstək vermək üçün lazımi tədbirlər görülür. Bu xüsusda “İmagro” şirkəti davamlı şəkildə bazar araşdırmaları edərək dünyanın ən innovativ texnologiyasının ölkəyə gətirilməsi və yerli fermerlərə təqdim olunması ilə aqrar sahədə keyfiyyət dəyişikliklərinə səbəb olmaqdadır.

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan 30 illik işğal altında olan torpaqlarını azad etməklə yanaşı, ölkənin aqrar sektoru üçün yeni perspektivlər də açıb. “İmagro” şirkəti yeni dönəmdə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan hökumətinin həyata keçirdiyi aqrar layihələrdə aktiv rol oynayacaq və bu sahədə fermerlərimizə hər cür dəstək göstərəcək.

2019-cu ildən aqrar texnika bazarına daxil olan “İmagro” şirkəti, bu gün 10-a yaxın qlobal brendin Azərbaycanda yeganə təmsilçisidir. Məhz bu uğur “İmagro” şirkətinin texnika və texnologiyalarının bütün xidmətlərini bir məkanda cəmləyən mərkəzin açılışını zəruri edirdi.

“İmagro” şirkəti təkcə texnikaların satışını və servisini deyil, ümumilikdə kənd təsərrüfatı nümayəndələrinə satış, məsləhət, bilik və bacarıqlarının artırılması üçün layihələrin, təlimlərin keçirilməsini hədəfləyir”.

Daha sonra qonaqlar yeni servis mərkəzinə baxış keçirib, anbarın və servis zonasının yüksək səviyyəli təchizatına, müştəri zonasının rahatlığına qiymət verib, burada təqdim edilmiş “Massey Ferguson”, “Horsh”, “GreatPlain”, “Farmet”, “Celli”, “Rinieri”, “İDEAL”, “Alpego”, “Moro Aratri”, “Side-Roll”, “Hattat” və s. texnikaları ilə tanış olublar.

Xatırladaq ki, “Massey Ferguson” şirkəti kənd təsərrüfatı texnikasını istehsal edən qabaqcıl ABŞ şirkətidir. “Massey Ferguson” traktorları ən innovativ texnologiyaların tətbiqi ilə istehsal edilir. Bu texnika Azərbaycanın aqrar sahəsində uzun müddətli və keyfiyyətli xidmət üçün ən yaxşı seçim hesab edilir. Artıq “Massey Ferguson” texnikaları Azərbaycanın müxtəlif fermer təsərrüfatlarında uğurla istismar edilir.

Sahədə biçin zamanı hər dəqiqənin dəyərli olduğunu nəzərə alsaq, o zaman “MF Beta” kombaynlarının praktik, texnoloji və funksionallığının xüsusi əhəmiyyəti önə çıxır. Bu kombaynlar 9 tonluq bunkerə malikdir ki, bu da biçin müddətini daha da optimallaşdırmağa şərait yaradır.

Aparılmış araşdırmalar sübut edib ki, eyni tarlada, eyni şəraitdə “Massey Ferguson MF Beta” kombaynları öz rəqiblərindən daha məhsuldardır. Başqa sözlə desək, düzgün istismarla gün ərzində kombaynlarla 65 hektar biçin aparmaq mümkündür.

“MF Beta” kombaynının üstünlükləri bununla bitmir. Bu maşınlar yükləmə göstəricilərinə görə rəqiblərindən 32 faiz daha sürətlidir.

“Massey Ferguson 8737” traktorları “AGCO Power” mühərrikləri ilə təchiz edilib. Adı çəkilən mühərriklər aqrar texnikalar içərisində öz uzunömürlülüyü, gücü və az yanacaq sərfiyyatı ilə məşhurdur.

“MF8S” traktorları 2021-ci ilin ən yaxşı traktoru nominasiyasının qalibi elan edilib. “Massey Ferguson” traktorları həm dizayn, həm texnoloji yeniliklər, həm də iş imkanları ilə rəqiblərindən öndədir.

“İmagro” şirkəti həmçinin fermerlərə qardaş Türkiyənin iddialı “Hattat” traktorlarını da təqdim edir. 2007-ci ildən seriyalı istehsalına başlanılan “Hattat” traktorları artıq aqrar texnika bazarında inamlı və iddialı yerini tutub.

Azərbaycan fermerləri “İmagro” şirkətinin təqdim etdiyi texnikaları 40 faiz dövlət subsidiyası ilə lizinq şərtləri əsasında əldə edə bilərlər.

Ünvan: Bakı-Salyan şosesi 15 km

Əlaqə nömrəsi:

012 448 02 00

050 270 03 37