Azad edilmiş ərazilərin faunasının bərpası üçün hansı işlər görüləcək? - AÇIQLAMA

16:20 13-04-2021 317

“Hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkənin təbii su hövzələrində balıq populyasiyasının artırılması, su hövzələrinin zənginləşdirilməsi və ekosistemin qorunması məqsədilə təbii su hövzələrinə balıq körpələrinin buraxılışı həyata keçirilir”.

HerGun.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadlı rayonuna təşkil etdiyi mediatur çərçivəsində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə də bu cür tədbirlər gündəmdədir:

“Bu il 2,3 milyon kütüm, 1,5 milyon çəki, 1 milyon ağ amur, 1 milyon enlialın, həmçinin Xıllı nərə balıqartırma zavodu tərəfindən 550 min nərə cinsli balıq körpəsinin təbii su hövzələrinə buraxılması planlaşdırılır. Bu da, əlbəttə ki, balıq növlərinin təbii populyasiyasının inkişafına müsbət təsir göstərəcək, həmçinin onların saylarının artımına təkan verəcək.

Bundan əlavə qeyd etmək istəyirəm ki, Azərbaycanın nadir fauna növlərindən olan ceyranların sayının kifayət qədər artırılmasına nail olunub, artıq bir neçə ildir ki, ceyranların digər təbii areallarına reintroduksiyası davam etdirilir, o cümlədən ceyranların Şirvan Milli Parkından Acınohur çölünə buraxılması davamlı həyata keçirilir. Bu il də bu cür tədbirləri planlaşdırırıq”. 

Xidmət rəsmisi onu da bildirib ki, reintroduksiya tədbirləri işğaldan azad olunmuş ərazilərdə də nəzərdə tutulub:

“Bununla bağlı artıq müəyyən təkliflərimiz və planlarımız var, ərazilərin minalardan və döyüş sursatlarından təmizlənməsi başa çatdıqdan sonra tədricən reintroduksiya layihələri reallaşdırılacaq, işğaldan azad olunmuş ərazilərə məxsus olan heyvanların da təbii populyasiyasının bərpa olunması, həmçinin həmin ərazilərdə onların sayının artırılması ilə bağlı tədbirlər görüləcək”. 

İlhamə Əbülfət