İsraildə koronavirusa qarşı kollektiv immunitet formalaşıb - FOTO

21:00 14-04-2021 311

İsraildə sutka ərzində koronavirusa yeni yoluxma halları 200-dən aşağı düşüb. Müsbət COVID-19 testlərin faiz nisbəti isə 0.3%-ə enib.

Bu barədə “The Jerusalem Post” nəşri ölkənin Səhiyyə Nazirliyinin aprelin 14-də yayımladığı sutkalıq koronavirus statistikasına əsasən məlumat yayıb.

Hazırda ölkədə 3890 aktiv COVID-19 xəstəsi var ki, bu da ötən ilin iyun ayından bu yana qeydə alınan ən aşağı göstəricidir. Göstəricinin aşağı düşməsi 84 784 aktiv xəstənin qeydə alındığı fevralın 5-dən etibarən müşahidə olunur.

BBC qeyd edir ki, cari ilin yanvar ayında “Pfizer” şirkəti ilə razılaşmadan sonra İsraildə ölkə üzrə vaksinasiyaya start verilib. Dünyada peyvəndlənmə kampaniyasına ilk olaraq başlayan ölkədə hazırda əhalinin yarıdan çoxuna, daha dəqiq desək, 5.3 milyon nəfərə vaksin vurulub. Bu müddət ərzində daha 830 min nəfərin xəstəlik keçirdiyini nəzərə alsaq, İsraildə artıq kollektiv immunitetin formalaşdığını iddia etmək olar.

Ölkə hökuməti mövcud vəziyyəti nəzərə alaraq, antikovid tədbirlərini yumşalatmaq qərarına gəlib.

Öncədən qeyd edək ki, hələ fevralın 21-dən etibarən peyvənd olunmuş vətəndaşlara müəyyən üstünlük və güzəştlər tətbiq olunub. Onların idman zalları, hovuz, hotel və mədəniyyət ocaqlarına girişinə icazə verilib.

Həmçinin aprelin 8-dən etibarən İsraildə açıq məkanda toplaşma məhdudiyyəti 100, qapalı məkanda isə 20 nəfərə yüksəldilib.

Aprelin 14-də isə hökumət mayın 23-dən etibarən İsrailin xarici turistləri qəbul edəcəyini açıqlayıb. İlkin dövrdə yalnız peyvənd olunmuş əcnəbilərin ölkəyə buraxılacağı bildirilib.