Azərbaycanda orta məktəblərdə din tədris edilə bilər

15:20 23-04-2021 343

“Azərbaycanda orta məktəblərdə dinin tədris olunması müzakirə edilir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Əliyev deyib.

Deputat bildirib ki, bu, İngiltərədə dövlət məktəblərində seçməli dərsdir: 

“Təhsil sistemi güclü olan Finlandiyada isə din dərsi məcburidir. Türkiyədə din dərsi dövlət və özəl məktəblərdə keçirilir. Ölkədə daha çox dominant din olan islam dini ilə bağlı məlumatlar verilir. Ölkəmizdə bu sahədə ciddi boşluqlar mövcuddur. Bölgələrdə dini düşüncələr yalnız erkən nikah, məktəblərdən uşaqların alınması şəklindədir. Ciddi mütəxəssislər tərəfindən dinlər tarixi və ixlas bilgisi adlı kitab hazırlamaq lazımdır. Əks təqdirdə bu boşluq daha da genişlənəcək və gənclərimiz zərərli dini düşüncələrə gedəcəklər”.

Deputat Ceyhun Məmmədov isə qeyd edib ki, ekstremizm və radikallıqla səmərəli mübarizə üçün güclü dövlətin olması vacib şərtdir: 

“Azərbaycan qədim zamanlarda müxtəlif dinlərin qovuşduğu məkan olub. Bu gün dünyanın bir çox ölkəsində onların yaşayış yerinin müəyyən edilməsində dini əsas götürülür. Xarici ölkələrdə yəhudilər məhəlləsi və s. kimi yerlər də var. Azərbaycanda isə hər kəs birlikdə yaşayır. Hazırda əsas vəzifə bu zəngin irsi dərindən öyrənməkdir. Uşaqların dini etiqada məcbur edilməsi qəbuledilməzdir. Bununla bağlı qanuna dəyişiklik xüsusi əhəmiyyət kəsb edir”.

Deputat təklif edib ki, Azərbaycanda Dini Konsepsiya qəbul edilsin: 

“Orta məktəblərdə şagirdlərə dini təhsil verilsin. Bakı İslam Universitetinin tələbələrinin diplomları tanınsın. Qeyri-ənənəvi müsəlman təriqətlərinin fəaliyyətinə nəzarət gücləndirilsin”.