Bu gün İntizam Komissiyası deputatın toxunulmazlığına xitam verilməsini müzakirə edəcək

09:40 02-08-2021 344

Milli Məclisin İntizam Komissiyasının bu gün keçiriləcək iclasında deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi məsələsinə baxılacaq.

Bu barədə HerGun.Az-a Milli Məclisdən məlumat verilib.

Təqdimatı baş prokuror Kamran Əliyev verib.

Rəsmi məlumata əsasən, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına zor tətbiq edib.

Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Milli Məclis sədri Sahibə Qafarova 53 deputatının tələbi ilə parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Növbədənkənar sessiyanın gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.