Muzey və mədəniyyət evlərində yenilik: Turistlər pul verib kəlağayı boyayacaqlar

21:00 16-08-2019 677

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin "Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda etdiyi dəyişikliyə əsasən, Lahıc Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Xalq Tətbiqi Sənəti Muzeyi, Şəki Dövlət Rəsm Qalereyası, Basqal qəsəbə Mədəniyyət Evi, Xınalıq kənd Mədəniyyət Evi nazirliyin tabeliyindən çıxarılaraq "Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na daxil edilib.

Bununla bağlı HerGun.Az-a açıqlama verən Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib ki, qoruqların ərazisindəki bu muzeylərin əksəriyyəti tarixi baxımdan əhəmiyyətli olan binalarda yerləşir:

"Həmin muzey və yaradıcılıq evləri yeni turizm konsepsiyasına uyğun olaraq yenidən işlənəcək, turizm nümayiş obyektləri kimi istifadəyə veriləcək.

Bu qərara görə, göstərilən obyektlərin büdcədən asılılığının azaldılması, onların inkişafı üçün dövlətdən ayrılan investisiyaların zamanla azaldılması, onların öz-özlərini maliyyələşdirən quruma çevrilməsinin təmin edilməsi əsasdır. Eyni zamanda, mədəni irsimizin yüksək səviyyədə qorunması və məqsədyönlü istifadəsi, təkmilləşmiş və şəffaf maliyyə idarəçiliyinin tətbiq edilməsi də nəzərdə tutulub.

Qeyd olunan muzeylərin və digər obyektlərin turizm potensialı yüksəkdir. Onlar Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlarda yerləşirlər. İndi biz o qoruqlarda yeni konsepsiya tətbiq edirik. O ərazidə yerləşən muzeylər faktiki olaraq həmin proseslərdən kənarda qala bilərdi. İndi onlar da ümumi konsepsiyaya qoşulurlar. Onların turizm potensialının artırılması, turistlər üçün daha cəlbedici edilməsi üçün addımlar atılacaq".

K.Quluzadə sərgilərin və turistlərin xüsusi təcrübə keçə biləcəyi emalatxanaların təşkil ediləcəyini də vurğulayıb:

"Məsələn, Basqal qəsəbə Mədəniyyət Evində ipəkçilik və kəlağayı boyanması, naxışlanması ilə bağlı turistlərlə birgə xüsusi ödənişli təcrübə həyata keçiriləcək. Bu təcrübələr həm mədəni irsimizi təbliğ etmə, həm də gəlir əldə etməyə şərait yaradacaq".

Sevinc Yasinqızı