Azərbaycanda vahid məktəbli geyimi dəyişdirilə bilər - VİDEO

10:40 19-10-2021 292

“Bakı Tekstil Fabriki” MMC yeni məktəbli formaları hazırlayıb.

Bu barədə “Xəzər Xəbər”ə danışan MMC-nin sədri Səkinə Babayeva qeyd edib ki, məktəblilərin rahatlığı çox önəmlidir. Elə bu məqsədlə də Avropa ölkələrini nümunə götürərək, yeni formalar hazırlayıblar:

“Bu geyimlərdən hazırda ölkəmizdə əsasən liseylərdə təhsil alan və regionlarda olan bəzi məktəblərin şagirdləri istifadə edə bilirlər. İndi isə məqsəd odur ki, bu formalar dövlət məktəblərində təhsil alan şagirdləri də bəzəsin”.

Bu formalar daha yüngül və daha rahatdır. Hətta istiliyi də hazırkı formalardan qat-qat üstündür. Elə hazırlanıb ki, həm qız, həm də oğlanlar istifadə edə bilərlər, rəng seçimi də mümkündür.

S.Babayeva əlavə edib ki, hazırda istifadə edilən formalar sintetik tərkibli olduğu halda, bunlar pambıqdır. Ona görə də, istifadə zamanı şagirdə maksimum rahatlıq verir.

Səkinə Babayevanın sözlərinə görə, Nazirlər Kabineti və Təhsil Nazirliyinə təkliflər göndərilib, cavab gözləyirlər. Müsbət cavab alınarsa, Bakıda yerləşən dövlət məktəblərində təhsil alan şagirdləri də yeni formalardan istifadə edə biləcəklər.

Qeyd edək ki, hazırda liseylərlə yanaşı, Şirvan, Gəncə, Abşeron yarımadası və Sumqayıtda olan bəzi məktəblərdə də şagirdlər məhz bu formalardan istifadə edirlər.