Azərbaycan-İran münasibətlərində müsbət meyllər: Əliyevin qətiyyətinin məntiqi nəticəsi - TƏHLİL

17:40 21-10-2021 430

Azərbaycan-İran münasibətlərində bir müddətdir müşahidə olunan gərginlikdə müəyyən müsbət meyllər peyda olmağa başlayıb. Bunun əyani sübutu kimi İranın öz nəqliyyat şirkətlərinə faktiki olaraq Qarabağa Ermənistan vasitəsilə yükdaşımanı qadağan etməsini göstərmək olar. Hansı ki, bununla həmçinin İranın 30 ilə yaxındır apardığı qanunsuz “ticarət”ə son qoyuldu, eyni vaxtda Ermənistanın maraqlarına ağır zərbə endirildi.

İran tərəfinin qəbul etdiyi qərar eyni zamanda Azərbaycanın haqlı mövqeyinin etirafı və mütləq şəkildə qəbul edilməsi oldu. Bəhanələri tükənən İran konkret addım atmalı və uzun müddətdir Qarabağda ermənilərlə apardığı qanunsuz “əməkdaşlıq”dan imtina etməli oldu. Tehranın qəbul etdiyi qərarda sözsüz ki, Azərbaycan tərəfinin ortaya qoyduğu qətiyyət mühüm rol oynadı.

Prezident İlham Əliyevin müxtəlif platformalarda ortaya qoyduğu bu qətiyyət, dövlət başçısının milli maraqlarımızın müdafiəsi uğrunda apardığı gərgin mübarizə sonda qarşı tərəfin geri addım atması ilə nəticələndi. Qarşı tərəfin tutarsız cavab və ittihamlarına böyük məharətlə və ən uyğun siyasi dillə cavab verən Azərbaycan lideri, eyni vaxtda ortaya qoyduğu danılmaz faktlarla Azərbaycanın maraqlarına hücum edənləri çarəsiz duruma saldı. Ölkə başçısı bununla kifayətlənməyərək, qarşı tərəfə ünvanladığı daha sərt suallarla getdikcə azğınlaşan bu səsləri boğmağı, onları neytrallaşdırmağı bacardı.

İlham Əliyevin nümayiş etdirdiyi siyasi uzaqgörənlik, məsələlərə tutarlı arqumentlərin və ədalətli mövqeyin dili ilə cavab vermək, tam vaxtında ən uyğun qərarları və həmlələri qəbul etmək bacarığı, ən əsası haqsızlığa qarşı barışmaz mövqe dövlətimizin getdikcə artan nüfuzu fonunda həm də bütün dünyaya bir mesaj oldu. İlham Əliyevin şəxsində bütün dünya Azərbaycanın maraqlarını var gücü ilə müdafiə edən və bu zaman yalnız danılmaz həqiqətlərə əsaslanan bir lider gördü. Dünyanın siyasi arenası Azərbaycan Prezidentinin böyük siyasi səriştə tələb edən mahir addımlarına şahid oldu, İlham Əliyevin qazandığı beynəlxalq nüfuz və etibarın arxasında böyük təcrübənin dayanması bir daha öz təsdiqini tapdı.

Rəsmi Tehranın verdiyi qərar mahiyyətcə Azərbaycan liderinin öndərliyi ilə dövlətimizin müdafiə etdiyi maraqlarının təmin olunması anlamına gəldi. İran tərəfinin bütün çəkişmələrdən sonra özü də ayrı-ayrı şəxslərin dili ilə verdiyi bir çox pafoslu açıqlama fonunda bu cür addım atması, başqa sözlə ambisiyalarını hər zaman bütün beynəlxalq hüquq və prinsiplərdən üstün tutan İranın Azərbaycanın göstərdiyi əzm və qərarlılıq qarşısında çarəsiz qalması bir daha regionumuzda Azərbaycanın artan qüdrətini ortaya qoydu.

Azərbaycan dövləti heç bir xarici təzyiqə boyun əymədiyini, tam müstəqil şəkildə milli maraqlarını müdafiə edə bilmək potensialını göstərdi və bununla da ona qarşı qurulan məkrli planları darmadağın etdi.

30 ildir Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləsə də, İranın işğal altındakı torpaqlarımızda gördüyü işlər, qurduğu əməkdaşlıqlar və apardığı qanunsuz ticarət göz qarşısında idi. Ancaq İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan bu cür yanaşma və necə deyərlər “saman altından su yeridilməsi” prosesi ilə razılaşa bilməzdi. Hazırda ortaya çıxan nəticə isə bu etirazın, dövlətin öz maraqlarının müdafiəsi uğrunda göstərdiyi əzmkar mübarizə və səylərin məntiqi nəticəsidir. İlham Əliyevin liderlik keyfiyyətlərinin bariz şəkildə növbəti dəfə ön plana çıxdığı bu mübarizə həm də Azərbaycan dövlətinin regiondakı söz sahibi imicinin təsdiqi idi. Azərbaycan öz regionunda istənilən məsələnin həllində söz sahibi olduğunu, milli maraqlarının təmin olunması üçün əhəmiyyətli addımların atılmasında qərarlı olduğunu ortaya qoydu.

Tehranın qəbul etdiyi son qərarı həm də İranın Ermənistan “sevgisi”ni təcrid etməyə vadar olması kimi də qəbul etmək olar. Çünki bu qərar həm də Ermənistanın maraqlarına sarsılmaz zərbə anlamına gəlir. Çünki Ermənistan artıq üçüncü tərəflərin dəstəyi ilə Azərbaycanın suveren ərazilərinə müdaxilə etmək imkanından məhrum oldu. Ermənistanın İranla dəhliz yaratmaq və iqtisadi kooperasiyanı daha da inkişaf etdirmək cəhdləri iflasa uğradı, Azərbaycan dövləti bu məkrli planların qarşısına keçilməz bir sədd çəkdi!

Azərbaycan Prezidentinin qətiyyətli mübarizəsi dövlətimizin siyasi arenada daha bir parlaq qələbəsini şərtləndirdi. Dövlət başçısı bir daha sübut etdi ki, onun üçün dövlətimizin və xalqımızın maraqları istənilən məsələdən üstündür və bu amal uğrunda apardığı mübarizədə heç bir qüvvə onu öz yolundan çəkindirə bilməz.

Orxan Tağıyev