Musiqi nəhəngləri planeti xilas etmək üçün birləşdi - FOTO/VİDEO

07:00 16-12-2021 463

Dünyanın ən böyük musiqi leybləri “Sony Music Entertainment”, “Universal Music Group” və “Warner Music Group” planeti qlobal istiləşmədən xilas etmək üçün birləşib. Səsyazma nəhəngləri 2050-ci ilə qədər sənayeni karbonsizləşdirmə öhdəliyi olan “Music Climate Pact” sazişini imzalayıblar.

“Beggars and Secretly”, “Warp”, “Ninja Tune” və s. müstəqil şirkətlər də iqlim böhranı ilə mübarizəyə qoşulublar.

Şirkətlər musiqi biznesindən havanın çirklənməsinin səviyyəsini müəyyən etmək, leybl sənətçiləri üçün iqlim gündəmini vurğulamaq və sənayenin ətraf mühitə təsiri haqqında fanatları maarifləndirmək üçün əməkdaşlıq etmək barədə razılığa gəliblər.

“Spotify” striminq xidməti də səsyazma nəhənglərinin planetə mənfi təsirlərini azaltmaq üçün səylərində dəstəkləməyə söz verib. Onlar birlikdə qastrol səfərlərinin karbon izini, vinil istehsalı və internet üzərindən musiqi dinləmək üçün enerji istehsalını öyrənəcəklər.

Qeyd edək ki, qastrol səfərlərinin planet üçün təhlükələri haqqında düşünən ilk sənətçilər arasında Britaniyanın “Coldplay” rok qrupunun üzvləri olub. Bu yaxınlarda elan edilmiş konsert turunda musiqiçilər qlobal istiləşmə ilə mübarizəyə diqqət yetirəcəklər - alətlər və işıqlandırma bərpa olunan mənbələrdən elektrik enerjisi ilə işləyəcək, səhnə ekoloji cəhətdən təmiz materiallardan hazırlanmış olacaq. Bundan başqa onlar uçuşların sayını minimuma endirəcəklərinə və adi avtomobillərdən istifadəni azaldacaqlarını bildiriblər.

Mənbə: The Guardian