Un və un məhsullarının qiymətləri necə tənzimlənməlidir?

14:00 10-01-2022 538

Pərviz Heydərov yazır...

lkədə un və un məhsullarının qiymətləri qiymətinin bahalaşma səbəbinə kifayət qədər başadüşülən şəkildə aydınlıq gətirilib. Belə ki, sözügedən məhsulları ən çox idxal etdiyimiz ölkə olan Rusiyadan orta aylıq ixrac qiymətinin 338 ABŞ dolları olduğu nəzərə alınaraq daxili bazarda 50 kiloqramlıq 1 kisə unun topdansatış qiyməti 35,9 manat, 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi çörəyinsə 65 qəpik təşkil etməyə başlayıb.

Ötən ilin dekabrında Rusiyada 1 ton ərzaqlıq buğdanın orta aylıq ixrac qiyməti 338 dollar təşkil edib ki, bu, 2019-cu ilin dekabr ayı ilə müqayisədə 58,7 faiz, 2020-ci ilin dekabrı ilə müqayisədə isə 33,1 faiz çox deməkdir.

Dünyada bütün sahələrdə qiymət artımı müşahidə olunduğu təqdirdə ölkədə bir məhsulun və əmtəənin satış qiyməti qalxdıqda bunu niyə və nəyə görə bu cür ajiotajla qarşılayırıq?

Məsələn, əlimizdəki pul vahidinin özü belə tədavülə buraxıldığı gündən bəri, alıcılıq qabiliyyətini xeyli itirib. Nə adi qəpiklərimiz buraxıldıqları gün və tarixdəki dəyərə malik deyil, nə 1 manatımız, nə 5, nə də 10 manatlığımız. 

Buna uyğun olaraq, bütün satış məhsulları və malları da bahalaşıb... 

Sual yaranır ki, bəs, unun və çörəyin qiymətləri nədən hələ də sabit qalmalı idi və qalmışdı? 

Əlbəttə, bu, özbaşına baş vermirdi və heç də qanuni olaraq nəzərə çarpmırdı. Çörəyin və unun qiymətini hökumət sabit saxlayırdı! Və dövlət büdcəmiz bundan hər il ərzində milyonlarla manat vəsait itirirdi.

Niyə və nəyə görə ?!

Hazırda bütün dünyada ərzaq buğdasının və unun qiymətində artım müşahidə edilir. Əsas ərzaq buğdası və un ixracçıları olan ölkələr müxtəlif növ vergi və müvafiq rüsum dərəcələri tətbiq edərək xaricə satışı məhdudlaşdırıblar. Və bütün bunlar birdən-birə baş verməyib.

Hər şey 2019-cu ildən sonra məlum səbəblər üzündən cərəyan edən hadisələr nəticəsində ortaya çıxdı. Çörəyin və digər ərzaq buğdası məhsullarının qiymətləri 2020-ci ildən etibarən bahalaşmağa başladı ki, keçən il bu, özünü daha qabarıq şəkildə büruzə verdi. Yeni başlanan bu ildən, yəni 2022-ci ildən isə sözügedən tendensiya artıq, kulminasiya nöqtəsinə çatdı.

Ölkəmizdə isə un və un məhsullarının qiymətinin sabit saxlanılması istiqamətində hansı tədbirlərə əl atılmışdı, qısa olaraq xatırladım. Qiymət artımının qarşısını almaq üçün dövlət tərəfindən un idxalçılarına və istehsalçılarına böyük dəstək göstərildi ki, bu özünü, ƏDV-in ləğvi və subsidiyalaşdırmanın həyata keçirilməsi kimi tədbirlərlə göstərdi. 

Qeyd edim ki, ölkəmiz buğda sarıdan dünyada idxaldan asılı olan ölkələr sırasındadır. Və hazırda işlətdiyimiz buğdanın təqribən 42 faizini idxal edirik. Baxmayaraq ki, ölkədə istehsalı və tədarükü ən çox dəstəklənən məhsul məhz buğda olub və olaraq da qalır, lakin 42 faiz idxaldan asılı vəziyyətdə olduğumuz üçün özümüzü buğda ilə 58 faiz civarında təmin edə bilirik. 

Demək istədiyim odur ki, Ümumiyyətlə, dünyada təxminən 30 ölkə özünü buğda ilə sırf daxili istehsal hesabına təmin edə bilir ki, 170-ə yaxın ölkə tələbatını idxalla ödəyir.

Hökumət daxildə qiymətləri nə qədər sabit saxlaya bilər?

Buğdanın idxalı və satışı, unun və çörəyin istehsalı, satışı keçən ildən 3 il müddətinə vergidən azad edilib, subsidiyalaşmaya start verilib və sair. Bu kimi üsullarla daxildə unun və çörəyin qiymətini uzun müddət sabit saxlamaq mümkündürmü? 

Ümumiyyətlə, dünya bazarlarında qiymət artımının davam etdiyi dövrdə, dövlətin yerli istehsalçıları subsidiyalaşdırma siyasəti nə vaxta qədər effekt verə bilərdi? Məgər aydın deyil ki, Azərbaycan bazarı xarici təzyiqlərə davamlı deyil?

Ölkəmizin müstəqillik əldə etdikdən sonra ilk illəri ərzində, daha dəqiq desəm, 90-cı illərdə müşahidə edilən çörək qıtlığı, mağazaların qarşısında yaranan növbələr yəqin, orta yaş həddində olan nəslin nümayəndələrinin yadındadır. Yaxşı ki, həmin mərhələ qısa müddət ərzində davam etdi və o böhrandan məhz dövlətin sahibkarlara yaratdığı şərait hesabına çıxdıq. Sonrakı illərdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar və taxılçılığa ayrılan xüsusi diqqət mühüm rol oynadı. Vəziyyət, dövlətin özəl iş adamlarına verdiyi imtiyazlar sayəsində düzəldi.

Odur ki, orta perspektivdə çıxış yolu ölkədə çörək və digər un məmulatlarının qiymətlərini sərbəst buraxmaqdadır. Bu, şəxsi fikrimdir. Söhbət, buğdanın idxalına tətbiq olunan ƏDV-nin ləğvi, un istehsalçılarına subsidiyaların verilməsi və sair kimi güzəşt, kompensasiya xarakterli tədbirlərin tədricən, aradan qaldırılmasından gedir.

Hesab edirəm ki, idxaldakı bütün məhdudiyyətləri ləğv etmək və onu maksimal dərəcədə liberallaşdırmaq yolu ilə qiymətləri sabit saxlamaq həm taktiki, həm də strateji baxımından nəyinki mənasız, hətta qeyri-məqsədəuyğun və zərərli siyasətdir. Bir məhsulun ki, xarici bazarlarda qiyməti artır, həmin qiyməti daxili bazarda sabit saxlamaq müşkül məsələdir. 
Xüsusən də, o məhsul üzrə idxaldan asılılıq varsa...

Ümumiyyətlə, qiyməti basqı altında saxlamaq, bazar qanunlarının "əl-qolunu" bağlamaq deməkdir. Bazar sərbəst olarsa, yerli buğda istehsalı həm həcmcə, həm də keyfiyyətcə arta bilər. Və buna, daxili tələb özü stimul yaradacaq. Ümumiyyətlə, bir az dərinə baxdıqda biz bu sahədə gecikmişik. Odur ki, indi bunu tətbiq etsək, vəziyyət ola bilsin bir az “ağrı verəcək”.

Lakin başqa çıxış yolu varmı?