Elman İsrafiloğlu, “Ay işığına gedən yol” , Bakı.

DEYİL

07:44 28-03-2022 3384

Arzularım çoxalsa da,

Ürəyimə güc dolsa da,

Əlim həmən, əl olsa da,

Bilək həmən, bilək deyil.

 

Bu vaxt, zaman ələ gəlmir,

Köz üstə su səpələmir.

Zaman bəxtə nur ələmir,

Ələk həmən, ələk deyil.

 

Qocalıbdır fələk özü,

Səhv salır gecə-gündüzü.

Seçəmmir əyrini-düzü,

Fələk həmən, fələk deyil.

 

Rəngli, rəngsiz işıqlar var,

Bilinməyən yasaqlar var.

Pampers geyən uşaqlar var,

Bələk həmən, bələk deyil.

 

Gənc yaşlarımda gördüyüm,

Vəfasıyla öyüdüym,

Dəlicəsinə sevdiyim,

Ürək həmən, ürək deyil.

 

Sevinci yoluma əkən,

Ömrümə nurdan don tikən,

Ruhumu göylərə çəkən,

Mələk həmən, mələk deyil.

 

Elman uymaz hər cəh-cəhə,

Kol üstünə düşən şehə,

Bel bağlamaz əsən mehə,

Külək həmən, külək deyil.