Qırğızıstan və Azərbaycan münasibətləri inkişafda

16:02 22-04-2022 716

    Türkdilli dövlətlər arasında münasibətlər hər keçən gün daha da inkişaf edir. Artıq, türkdilli dövlətlər arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə keçib və ölkələrimiz arasında əlaqələr konkret mexanizmlər əsasında inkişaf etdirilir.

         Azərbaycan ilə Qırğızıstan münasibətləri də, həmçinin, qədim tarixə malikdir. Azərbaycan Qırğızıstanın mühüm tərəfdaşıdır və hər iki ölkə arasında münasibətlər onların ortaq tarixindən, mədəniyyətindən, dilindən, müştərək mənəvi və dini dəyərlərindən irəli gələn möhkəm dostluq və qardaşlıq tellərinə əsaslanır. Hər iki xalq Çar imperiyası və Sovetlər ittifaqı dönəmində vahid mərkəzdən idarə olunublar. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Hazırda Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır. Onlar Qırğızıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Qırğızıstanda yaşayan azərbaycanlıların əksəriyyəti 1930-cu illərin repressiyaları zamanı Azərbaycandan sürgün olunanlar və onların övladlarıdır. Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes sahəsində, iqtisadiyyatın digər sahələrində fəal iştirak edirlər. Ölkənin tanınmış cərrahları, iş adamları arasında da azərbaycanlılar çoxdur. Azərbaycanlılar əsasən, Bişkek, Talas, Qara-Balta şəhərlərində yaşayırlar. Öz tarixi yurdlarından ayrı yaşamalarına baxmayaraq, Qırğızıstanda yaşayan azərbaycanlılar dil və adətlərini qoruyub saxlamışlar.

 Cəmiyyətin inkişafında mədəniyyətin rolunun artması dövrümüzün ən mühüm qanunauyğunluqlarından biridir. Mədəniyyətin formalaşması və inkişafı, xalqların mədəni irsi və irsə varislik, bu sahədə tərəqqi mədəni əlaqələr vasitəsilə də təzahür edir. Mədəniyyətin əsas sahələrindən biri olan ədəbiyyat və incəsənətin xalqa təsir qüvvəsi həmişə artmış, mədəni nailiyyətlərin mübadiləsi əsasında inkişaf etmişdir. Mədəni əlaqələrin təsiri ilə milli ədəbiyyat və incəsənətin inkişafı xalqın mənəvi aləminin zənginləşməsinə də kömək edir. Azərbaycan xalqı öz mədəniyyətini başqa ölkələrin xalqları, ilk növbədə türk xalqları ilə əməkdaşlıq, ədəbiyyat və incəsənətin qarşılıqlı surətdə zənginləşdirilməsi və milli nailiyyətlərin mübadiləsi əsasında inkişaf etdirir. Müasir dövrdə türk xalqları arasında mövcud olan mədəni əlaqələr bu xalqların tarixi keçmişinə əsaslanır. 

Hal-hazırda, dost, qardaş dövlətlər olan Azərbaycan və Qırğızıstan arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə çatıb. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və bizi məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Ölkələrin bütün beynəlxalq təşkilatlarda BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Dünya iqtisadiyyatını bürümüş mənfi tendensiyalar və proseslər fonunda Azərbaycan və Qırğızıstan iqtisadiyyatı üçün müsbət göstəricilər səciyyəvidir. Bu isə, öz növbəsində, hər iki ölkənin seçdiyi inkişaf modellərinin həyat qabiliyyətini və effektivliyini təsdiqləyir. Bu modellər yeni, sosial istiqamətli iqtisadiyyatın formalaşdırılması prinsiplərini özündə əks etdirir. Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın fəaliyyəti ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına böyük töhfə verir.

 Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfəri çərçivəsində 2022-ci il aprel ayının 20-də ölkəmizin işgüzar dairələrinin nümayəndələri ilə görüşüb. Görüş zamanı qeyd edilib ki, ticarət əlaqələri Azərbaycan-Qırğızıstan əməkdaşlığının əsas istiqamətlərindəndir. Bununla belə, ölkələrimiz arasında ticarətin həcmi bu sahədə potensialı tam əks etdirmir. Ticarət, eləcə də investisiya sahəsində tərəfdaşlığın genişləndirilməsi üçün imkanlar daha böyükdür və bu istiqamətdə qarşılıqlı səylərin gücləndirilməsi əhəmiyyət kəsb edir. Azərbaycanda müxtəlif sahələrdə 60-a yaxın Qırğızıstan şirkəti fəaliyyət göstərir. Görüşdə iqtisadiyyat naziri də Azərbaycanda pandemiyanın təsirlərinin aradan qaldırılması sahəsində həyata keçirilən tədbirlər, əlverişli biznes və investisiya mühiti, sahibkarlara dəstək mexanizmləri, azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq layihələri, sənaye zonalarının fəaliyyəti, Azərbaycan İnvestisiya Şirkəti, Ələt Azad İqtisadi Zonasının imkanları və sair barədə ətraflı məlumat verib. Tədbirdə Qırğızıstan Respublikasında investisiya layihələri barədə təqdimat olub. Görüşdə sahibkarların sualları cavablandırılıb, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi ilə bağı müzakirələr aparılıb. Tədbir çərçivəsində Qırğızıstan Respublikasının Prezidenti yanında Milli İnvestisiya Agentliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi–AZPROMO arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Qeyd edim ki, sənəd biznes tərəfdaşlığının genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi məsələlərini əhatə edir.

Yuxarıda sadalanan müxtəlif sahələrdəki əməkdaşlıq, bu prosesdə Azərbaycanın müstəsna əhəmiyyəti, gələcəkdə türk dünyasının qlobal siyasi və iqtisadi proseslərdə rolunun güclənməsinə mühüm töhfələr verəcəkdir. Bu isə, öz növbəsində regional, eləcə də, beynəlxalq sabitlik, təhlükəsizlik və əməkdaşlıq kontekstində müstəsna əhəmiyyət kəsb edir.

  Əminliklə demək olar ki, iki dövlət arasında olan bu dostluq, qardaşlıq münasibətləri gələcək inkişafa yeni təkan verəcək. Xalqlarımız arasında əlaqələr tarixin sınağından çıxıb. Qırğız və Azərbaycan xalqlı əsrlər boyu həmrəylik və sülh şəraitində yaşayıb, bir-birinə qardaş münasibəti bəsləyiblər. Bu, sözsüz ki, möhkəm bir təməldir. Bu gün müstəqil ölkələr olan Qırğızıstan və Azərbaycan öz gələcəyini çox möhkəm, çoxəsrlik tarixi təməl üzərində qurur və təbii ki, bizim münasibətlərimizin durmadan inkişafı gələcək zəfərlərin rəhni olacaq. Biz, həm qarşılıqlı siyasi əlaqələri, həm də, iqtisadi əməkdaşlığı möhkəmləndirəcəyik. Nəqliyyat, energetika, turizm sahələrində çox yaxşı perspektivlər var. Biz bütün istiqamətlərdə fəal əməkdaşlığı, səmərəli nəticələri hədəf seçmişik.

   Yekun olaraq qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi hazırkı dövrdə Azərbaycan türk dünyasının aparıcı ölkələrindən birinə çevrilib. 

                                                                                                                                               Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri