TAHIR İSMAYILOV, şair
İNCƏ POEZİYA DUYUMU OLAN ŞAİR
Sabit Vaqifoğlunun “Ünvanı vətən şair “ kitabından

Sabit Vaqifoğlunun “Ünvanı vətən şair “ kitabından
Mənim Elman İsrafiloğlu ilə tanışlığım bir təsadüfə bağlıdır. Lakin həyatda bütün təsadüflər zərurətdən doğur desəm, tanışlığımızın heç də təsadüfi olduğunu düşünmək doğru olmazdı. Məncə bir hadisənin baş verməsi gələcəkdə yaşanacaq digər hadisələrə zəmin yaratmış olur və onu şərtləndirir.Nə isə, yazının məqsədi və mövzusu tamam başqa olduğu üçün düşüncələrimi uzun-uzadı şərh etmək, fikrimi ayrı məcraya yönəltmək istəmirəm. Bəli, 2018-ci ilin noyabr ayı idi. Hörmətli müəllimim İsmixan Yusubov və naşir Ceyhun müəllimlə mənim “Ekoprint” mətbəəsində nəşrə hazırlana “Esse və şeirlər”adlı kitabımla bağlı bəzi məsələlərə aydınlıq gətirmək istəyirdik. Yorulduğumuzu hiss edən, Ceyhun müəllim gəlin bir az fasilə edib bir-iki stəkan çay içək və sonra yenə söhbətimizi davam etdirərik, deyə sağ əlinin altındakı düyməni basdı. Çaylar gələnə qədər, İsmixan müəllim mənim yaxında bir saatlıq bir işim var ora baş çəkib qayıdıram deyib, çıxdı. Mən isə otaqda qoyulmuş kitab rəfinə yaxınlaşdım və əlimi uzadıb bir kitab götürdüm. Geri çevriləndə, gözüm kənarda sakitcə ayaq üstdə dayanıb öz növbəsini gözləyən arıq, qarayanız adama sataşdı. Qeyri-ixtiyari başımı tərpədib salam verdim,sonraisə ona yaxınlaşıb əl uzatdım:- Salam, mənim adım Tahirdir, Tahir müəllim.Hamı mənə belə müraciət etdiyindən mən də özümü belə təqdim edirəm, dedim. O da sakit, mülayim bir səslə:- Elman, Elman İsrafiloğlu, deyə təkrar etdi. Sonrakı sualları sanki qabaqcadan duyubmuş kimi əlavə elədi:
-Beyləqan rayonunda yaşayıram, “Qurtuluş” qəzetinin redaktoru və “Sözlü-sehrli dünya” ədəbi birliyinin sədriyəm. Elə bu adda da şeirlər toplusu-almanax buraxırıq, indi toplunun on səkkizinci sayını hazırlayırıq, Bakıya da bu səbəbdən gəlmişəm.İstəsəniz sizin də şeirlərinizi dərc edə bilərik. Onu diqqətlə dinlədiyimi görüb sözünü kəsdi və gülümsədi.
Mən də gülüməsədim və qəfildən hər ikimizi eyni vaxtda gülmək tutdu.Vəziyyəti belə görən naşir düyməni yenidən basıb:
-Qızlar çayın ətrafını bol edin və bir də mənim ehtiyat üçün saxladığım qızılgül mürəbbəsini açın, deyə göstəriş verdi. Söhbətimiz uzun çəkdi. Seirdən, sənətdən başlayıb ölkə gündəmindən tutmuş, dünyada baş verən müxtəlif hadisələrdən danışdıq. Söhbət əsnasında Elman müəllimin danışıq tərzi, hadisələrə öz münasibəti və aydın düşüncə sahibi olması məndə xoş təəssürat yaratdı. Elə ilk söhbətimizdən onun, mənim insanlarda çox qiymətləndirdiyim bir xüsusiyyətini gördüm. Söhbət elədiyi adamın sözünü yerli-yersiz kəsmir, onu axıra qədər dinləyib fikrini tamamlamasını səbirlə gözləyirdi. Xudahafizləşib ayrılanda telefon nömrəsini verib:
- Şeirlərinizi mütləq göndərin, dedi.Mən də öz növbəmdə telefon nömrəmi verib, zəng edəcəyəm, deyə söz verdim.
Beləcə bizim Elman İsrafiloğlu ilə tanışlığımızın təməli qoyuldu. Söz verdiyi kimi “Sözlü-sehrli dünya”nın on səkkiz və on doqquzuncu saylarında mənim də şeirlərim yer aldı. Sözü bütöv, əməli düz bir insanla tanış olduğumu hiss edib, sevindim. Çünki, çox təəssüf hissi ilə də olsa qeyd etməliyəm ki, dünyada dəyərlərin və mənəviyyatın aşınması prosesi ümumilikdə bizim də cəmiyyətdən yan keçməyib. Buna görə də Elman İsrafiloğlu kimi insanları görüb, tanış olanda sevinməmək mümkün olmur.
Onun Bakıya yolu az-az düşdüyündən, telefonla əlaqə saxlayır, hal-əhval tuturuq. Yeni şeirlərindən danışır, rayonda baş verən hadisələrdən, özünün qəzet işindən söhbət açır. Mən də yeni cızma-qara etdiyim yazılarım haqqında danışır, bəzilərini onun fikrini bilmək üçün göndərdiyimi deyirəm. Beləcə, indi dəbdə olan “onlayn” görüşlərimiz davam edir.
Elman müəllimin çox incə poeziya duyumu var. Çox vaxt isə şeirin poetik gözəlliyi yox, şerin ümumilikdə, bəzən isə tək bircə misranın daşıdığı məna yükü onun üçün daha böyük əhəmiyyət kəsb edir. Eybi yox, qoy şeir bir-az kələ-kötür, bir az “yöndəmsiz”, bir az yonulmamış olsun, yetər ki, içində məhəbbət, sevgi, insana hörmət, elə-obaya ehtiram, qayğı və ana təbiətə vurğunluq olsun, deyir. Elman İsrafiloğlu insanlarla münasibətində də, yaradıcılığında da hər cür formalizmdən və digər “zimlərdən” uzaq adamdır. İlk söhbətdən onun səmimiyyətinə, düzlüyünə inanmamaq mümkün deyil. Elman müəllim dediyi hər bir sözün, söylədiyi hər bir fikrin altından imza atmağa hazır olan insandır ki, bu da onu ətrafdakılara sevdirən əsas amillərdən biridir. El-obadaqəbul olunan kimi “sözü havaya atan adam deyil.”
Deyilənlərin həqiqət olduğunu onun şeir və digər yazılarını oxuyandan sonra daha aydın başa düşdüm. Elmanın ilk oxuduğum şeri “Bu sevgini rəngi nədi” adlanır.
Bəlkə sevgimin rəngindən,
Yaranıb göy qurşağı.
Rənglər göydə qarışıbdı!
Təbiətin əsrarəngsiz mənzərəsi, göy qübbəsinin kəməri-göy qurşağı və sevgi! Maraqlıdır ki, şair sevgisini göy qurşağına deyil, göy qurşağını sevgisinə bənzədir. Yəni sevgi daha möhtəşəm, digər tərəfdən isə bir çox hallarda daha əlçatmazdır.Şair “Ərənlərik qəbir-qəbir” şeirində belə deyir:
Nə qəlbdən çıxarmaq olur,
Nə qəlbdən qoparmaq olur,
Nə sapandla atmaq olur,-
Dərdlərimi....
Nəyin dərdini çəkir şair? Sevgisininmi, gün-güzəranınmı? Yox,
əlbəttə yox, onda müəllif Elman İsrafiloğlu olmazdı.
Günləri geydim əynimə,
Zaman sığmadı beynimə,
Söz yükün aldım çiynimə,
Ürəyimə dağ çəkildi!
......................................
Baxdım dünya səkildi,
Gözlərimdə dan söküldü,
Yer üzündə qan töküldü.
Şairin dərdi dünya dərdidir, bəşəriyyəti qana çalxayan zamandır:
Hər şeyin öz qiyməti,
Gözəlin göz qiyməti,
Sözünsə çəkilməyən,
SÖZ qiyməti olarmış!
və eyni vaxtda böyük Füzulidən gələn “Söz”ün qədir-qiymətidir. Elmanın şeirləri çoxdur və o hər şeyə öz münasibətində başqalarından köklü surətdə fərqliliyi ilə seçilir. Elman İsrafiloğlunun “Göz yaşının rəsmi” adlı kiçik bir şeiri var və mən indiyədəko şeirin təsirindən və cazibəsindən çıxıb qurtara bilmirəm:
Göz yaşını
çəkmək üçün
Nə rəssam,
nə fırça,
nə də ki,
boya lazımdı.
Bir acı söz kifayətdi,
ürəyini ağrıda...
Budur Elman İsrafiloğlu! 60 yaşın mübarək əziz insan, amma inanmıram ha, sən də boynuna alma!