Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir

20:17 22-11-2022 323

    Bildiyimiz kimi, Yeni Azərbaycan Partiyasının yaradılmasından 30 il ötür. Bu illər ərzində Partiyamız çox ağır, lakin şərəfli bir yol keçib. Partiyanın keçdiyi şərəfli yola nəzər saldıqda görürük ki, bu yol heç də həmişə hamar olmamışdır. Belə ki, müstəqilliyimizin ilk illərində ölkənin siyasi həyatı iflic vəziyyətdə idi. Ərazilərimizin dalbadal işğalı, dərin iqtisadi-siyasi böhran, əhalinin ağır sosial durumu vətənpərvər insanları Azərbaycanın gələcəyi ilə bağlı ciddi düşünməyə vadar edirdi. Bu dövrdə, 1990-cı illərin əvvəllərində Azərbaycanda 30-a qədər siyasi partiya, ictimai təşkilat və hərəkat fəaliyyət göstərirdi, ancaq onlar kifayət qədər sosial bazaya malik deyildirlər, aralarında konstruktiv münasibət yox idi. Xalqın bütün zümrələrini səfərbər edəcək yeni bir partiyaya ehtiyac duyulurdu. Elə bir partiyaya ki, xalq onun liderinə inanıb, arxasınca getsin. Ölkə ziyalıları xalqın düçar olduğu bəlalardan qurtuluşunu Ulu Öndər Heydər Əliyevin böyük siyasətə qayıdışında görürdülər. İctimai-siyasi həyatda xaos və anarxiyadan cana doymuş insanlar Heydər Əliyevin hakimiyyətə gəlişini əngəlləmək üçün Konstitusiyaya daxil edilmiş qondarma yaş senzinin ləğvini tələb edir, bu məqsədlə respublikanın müxtəlif bölgələrində mitinqlər keçirirdilər. Bütün ölkə vətəndaşları nəzərlərini Naxçıvana dikmişdilər. Hamı Heydər Əliyevin siyasi rəhbərliyə yenidən qayıdışını arzulayırdı. Belə bir vaxtda cəmiyyətin demokratik qüvvələri, ziyalılar və sadə əmək adamları Heydər Əliyevin adı ilə bağlı yeni bir siyasi partiyanın yaradılmasını günün tələbi hesab edirdilər. Həmin dövrlərdə Azərbaycanın gələcəyini düşünən 91 ziyalı “Səs” qəzetində Ulu Öndər Heydər Əliyevə belə bir Partiyanın yaradılması üçün müraciət edib. Heydər Əliyevin yeni partiyanın yaradılması ilə bağlı ziyalıların müraciətinə verdiyi müsbət cavab Onun böyük məsuliyyəti Öz üzərinə götürməkdən çəkinməyən, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Ulu Öndərin o zamankı mürəkkəb durum və yaranmış təhlükəli vəziyyətdən çıxış yolunu göstərən, Onun müdrik tövsiyələrini əks etdirən cavab məktubu sonralar Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsas prinsip və istiqamətlərini təşkil etdi. Bundan sonra, Naxçıvanda 550 nümayəndənin iştirakı ilə, 1992-ci il noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Partiyanın Heydər Əliyev tərəfindən hazırlanmış Proqram və Nizamnaməsi müzakirə olunaraq qəbul edildi. Ulu Öndər yekdilliklə Partiyanın Sədri seçildi və təşkilatın rəhbər orqanları formalaşdırıldı. Heydər Əliyev sonralar həmin günü belə xatırlayırdı: “Biz 1992-ci ilin şaxtalı bir günündə, istilik olmayan bir zalda, Naxçıvan Dövlət Teatrının binasında paltoda və çoxu papaqda oturaraq ilk konfransımızı keçirirdik. Üşüyürdük, əlimizi əlimizə sürtürdük, amma iradəmiz yüksək idi, iradəmiz güclü idi, gələcəyə çox nikbinliklə baxırdıq... Məni sevindirən odur ki, ağır şəraitdə Naxçıvanda keçirdiyimiz konfrans ölkənin və partiyanın böyük inkişaf yolunu təmin etdi”. Son dərəcə mürəkkəb bir şəraitdə meydana çıxan Yeni Azərbaycan Partiyası xalqımızın taleyində yeni mərhələnin başlanğıcı oldu. Güclü sosial bazası, praqmatik və gerçəkliyə əsaslanan bitkin proqramı, Heydər Əliyev kimi Lideri olan partiyanın ölkənin siyasi həyatına qədəm qoyması XX əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi. Yeni yaranmış Partiyanın bəyanatında bildirilirdi ki, bu partiyanın başlıca proqram məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, sivil, demokratik hüquqi dövlət, möhkəm əmin-amanlıq və ictimai həmrəylik, sabit və sosial yönümlü iqtisadiyyat yaratmaqdan, geniş demokratik islahatlar həyata keçirmək uğrunda mübarizə aparmaqdan ibarətdir. Heydər Əliyevin rəhbərliyi ilə həyata vəsiqə alan Yeni Azərbaycan Partiyası tezliklə təşkilatlandı. Ulu Öndərin adını daşıyan bu Partiya yarandığı gündən azərbaycançılıq və dövlətçilik mövqeyindən çıxış edərək öz siyasi platforması, qətiyyətli mövqeyi sayəsində çox qısa zamanda vətənpərvər insanların siyasi istinadgahı kimi əsl Ümumxalq Partiyasına çevrildi. Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışı ilə Yeni Azərbaycan Partiyası müxalifət Partiyasından iqtidar Partiyasına çevrildi. Ölkənin hakim Partiyası kimi Yeni Azərbaycan Partiyası müstəqillik tariximizdə mühüm rol oynadı. Ulu Öndərin milli məfkurəsindən güc alan bu Partiya qısa zamanda ölkədə sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi, demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr verən real siyasi qüvvə kimi özünü təsdiq etdi.

    Bu gün, ölkənin siyasi həyatında Yeni Azərbaycan Partiyası qədər geniş sosial bazaya malik, siyasi proseslərə həlledici təsir imkanı olan ikinci bir Partiya yoxdur. Ölkə Prezidenti, partiyanın Sədri İlham Əliyev deyir: “Yeni Azərbaycan Partiyasının gücü ilk növbədə onun əvəzsiz Lideri Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyasının gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. Yeni Azərbaycan Partiyasının gücü ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası Liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”. Sirr deyil ki, bu gün, Yeni Azərbaycan Partiyası Ümummilli Partiyadır. Bu gün Partiyamız Azərbaycanın həyatında mühüm rol oynamaqla, Azərbaycanda siyasi palitraya siyasi mədəniyyət gətirdi. Ulu Öndərin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası ölkə qarşısında duran problemləri həll etməyə qadir, siyasi həyatda özünü təsdiqləmiş monolit bir qüvvədir. Partiya hər bir qərarında Heydər Əliyev ideyalarına, Onun milli məfkurəsinə əsaslanaraq dövlətin, xalqın maraqları zəminində öz fəaliyyətini qurub. Təsadüfi deyil ki, bu gün, Partiya üzvlərinin sayı günü-gündən artır. Bu, xalqımızın Heydər Əliyev ideyalarına sadiqliyinin və Prezident İlham Əliyevin siyasətini dəstəkləməsinin göstəricisidir...

         Müşfiq Səfərov,

       Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.