Azərbaycanın xarici siyasət konsepsiyasında əməkdaşlıq, dostluq prinsipləri üstünlük təşkil edir

18:17 28-11-2022 214

     Məlumdur ki, Azərbaycan Respublikası bütün sahələrdə olduğu kimi, xarici siyasət sahəsində də, böyük uğurlar əldə edib. Regionun lider dövlətinə çevrilmiş Azərbaycan bu gün, sayılıb-seçilən, dünyada söz sahibi olan dövlətlərdən biridir. Bu uğurlar əsasını, təbii ki, Ulu Öndər Heydər Əliyevin qoyduğu, hazırda isə, ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən xarici siyasət strategiyası sayəsində qazanılıb. Müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi daxili və xarici təhdidlər, xalqımızın illər boyu həsrətində olduğu müstəqilliyi itirmək təhlükəsi bir daha sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq, möhkəmləndirmək onu əldə etmək qədər çətindir. Sirr deyil ki, müasir dövrdə hər bir müstəqil dövlətin xarici siyasət strategiyası onun gücü, qüdrəti, resursları, dünya siyasətindəki rolu, yerindən asılı olaraq müxtəlif məqsəd və vəzifələr üzərində qurulur. Dövlətçiliyin, müstəqilliyin, ərazi bütövlüyün, suverenliyin, milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, enerji asılılığının azaldılması, iqtisadi və geostrateji maraqların ödənməsi, vətəndaşların firavan yaşayışının təmin olunması xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir. Azərbaycanın xarici siyasəti, diplomatiyası, eyni zamanda, dövlətimizin beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmlənməsinə, ümummilli problemlərinin həllinə yönəlib. Müstəqil dövlətimiz xarici siyasətini məhz, bu vacib meyarlar əsasında müəyyənləşdirərək qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləyib. 

    Müasir dövrdə qloballaşma şəraitində hər bir ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunması bir sıra strateji faktorlardan asılıdır. Bu sırada ən mühüm amil isə, hakimiyyətin həyata keçirdiyi siyasətin, mövcud idarəetmə mexanizmi və prinsiplərinin milli maraqlara, qlobal çağırışlara nə qədər adekvat olmasıdır. İndiki reallıqlar onu göstərir ki, ictimai-siyasi sabitliyin bərqərar olunmasını, ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsini, iqtisadi inkişafın davamlılığının təmin edilməsini strateji prioritetlər kimi müəyyənləşdirmiş dövlətlər hədəflənən məqsədlərə nail olurlar. Burada əsas məqam iqtidarın siyasi kursunun milli və dövlətçilik maraqlarına uyğun olması, düzgün idarəetmə mexanizminin formalaşdırılmasıdır. Məhz, XXI əsrdə uğurlu milli inkişaf strategiyaları bu komponentləri özündə ehtiva edir. Bu kontekstdə hüquqi, sosial dövlət olan, ictimai-siyasi sabitliyin, iqtisadi tərəqqinin davamlı xarakter daşıdığı Azərbaycanda həyata keçirilən siyasət real strateji və konseptual əsaslara söykənir. Bu baxımdan, xarici siyasət kursu xüsusi əhəmiyyət daşıyır, çünki milli maraqlara və qlobal çağırışlara əsaslanan müstəqil xarici siyasət kursu həm ölkənin suverenliyinin qorunmasına, həm də, beynəlxalq mövqeyinin möhkəmlənməsinə müstəsna töhfələr verir. Bu, eyni zamanda, Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafını şərtləndirir, ölkəmizin regional, eləcə də, qlobal əhəmiyyətli layihələrdə uğurla iştirakına imkan yaradır.

     Ümumiyyətlə, müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Bütövlükdə, Azərbaycanın xarici siyasəti həyata keçirilən səmərəli daxili siyasətə uyğundur, başqa sözlə, bu kursu tamamlayır. Həyata keçirilən uğurlu daxili və xarici siyasətin fonunda Azərbaycanın dinamik inkişaf strategiyası rasional səciyyə daşıyır, eləcə də, ölkəmiz heç bir beynəlxalq qurumdan, milli dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikdir. Yəni, Azərbaycanda həyata keçirilən siyasət sırf ölkənin milli maraqlarına söykənir və əsas strateji hədəf uzunmüddətli inkişafın təmin olunmasıdır. Bundan başqa, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Rasional inkişaf strategiyasının həyata keçirilməsi bütün sahə və sektorların inkişafını təmin etməklə yanaşı, Azərbaycan iqtisadiyyatının beynəlxalq iqtisadi sistemə uğurlu inteqrasiyasına təkan verir. Ölkə iqtisadiyyatı dünyanın rəqabətqabiliyyətli iqtisadiyyatları pilləsində davamlı surətdə irəliləyir. Şübhəsiz ki, bütün bunların əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Qeyd etdiyimiz kimi, müstəqil milli inkişaf Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artıran əhəmiyyətli amildir. Sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdıran ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də, ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Bu isə, Azərbaycanın pozitiv beynəlxalq imicinə müstəsna töhfələr verir. Azərbaycan diplomatiyasının uğurları, ölkəmizin beynəlxalq nüfuzunun artmasında ifadə olunur. Artıq, Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Elə, bu səbəbdəndir ki, bu gün, Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və dost kimi təsdiq edə bilmişdir.

      Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin düşünülmüş, yeni dünya sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu, Azərbaycanı regionun lider dövlətinə çevirməklə yanaşı, beynəlxalq aləmdə ölkəmizi etibarlı tərəfdaş kimi tanıdıb. Ümumiyyətlə, regional və qlobal təhlükəsizlik, əməkdaşlıq məsələlərinə dair təşkil edilən önəmli platformalarda Azərbaycanın iştirakı ölkəmizin beynəlxalq mövqeyini, nüfuzunu əyani şəkildə nümayiş etdirir.

     Ümummilli Lider Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir və dönməzdir” deyə söylədiyi uzaqgörən, müdrik kəlamının fəlsəfəsinə, onun mahiyyətinə sadiq olaraq, uğurlu daxili siyasətimizin məntiqi davamı olan xarici siyasətimiz, milli maraqlarımızın beynəlxalq səviyyədə qorunmasına, həyata keçirilməsinə, dövlətimizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət etmiş daxili və xarici siyasətimiz, bundan sonra da, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi altında daha da uğurla, yüksələn xətlə davam edəcəkdir...

 Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.