Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə hələ də, cavab verməyib

14:49 27-01-2023 288

      Sirr deyil ki, ölkə Prezidenti, cənab İlham Əliyev Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərdən sonra, bölgədə sülh və əməkdaşlığa nail olmaq üçün postmüharibə dövründə də regionla bağlı çətin geosiyasi maraqlar şəraitində diplomatik liderliyini, məharətini sərgiləməyə davam edir. Azərbaycan sülhün qarşılıqlı olaraq, Ermənistanla bir-birilərinin ərazi bütövlüyünü tanımaqla, Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün konkret addımlar atır. Ölkə Prezidenti, cənab İlham Əliyev bütün çıxışlarında sülh prosesindən yayınan və bunun alternativinin nə ilə nəticələnəcəyini də Ermənistana göstərməklə, barış sazişinin imzalanmaması bu ölkə üçün böyük fəlakət ola biləcəyini açıq şəkildə izah edir. Hər zaman olduğu kimi, Ermənistanın sülh prosesini pozmasına baxmayaraq, Azərbaycan beynəlxalq qanunlara əsaslanan sülh sazişinin imzalanmasında maraqlıdır və bu sülh bütün region ölkələrinin sabit, davamlı inkişafına böyük töhfələr verəcəyinə inanır. Vətən müharibəsindən sonra, yaranmış yeni siyasi gerçəkliklər fonunda, Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin möhkəmlənməsi, regionda geosiyasi proseslərin tənzimlənməsində ölkəmizin aktiv rolunu və digər mühüm məsələlər haqqında qəti və prinsipial mövqeyini nümayiş etdirdi. Azərbaycanın müəyyən etdiyi regional sülh, dayanlıqlı inkişaf proqramlarının vəziyyəti, perspektivləri, eyni zamanda, Ermənistanın yaranmış yeni reallıqlara uyğun addımlar atmasının zəruriliyi və digər məqamlar qlobal mesajlar kimi təqdim edilir.

     Ölkə Prezidenti, cənab İlham Əliyev regiondakı geosiyasi sabitliyə təhdid olan Ermənistanın rəhbərliyinin sülh və təhlükəsizlik məsələlərinin müzakirə edildiyi mühüm Davos beynəlxalq platformasına qatılmamasını İrəvan hökumətinin sülh təşəbbüskarlığına qarşı hədsiz məsuliyyətsiz davarmasının nümunəsi kimi qiymətləndirdi. Dövlətimizin Başçısı bir daha Davosda beynəlxalq sülh ictimaiyyəti qarşısında Ermənistanın bu siyasətini ifşa etdi və bildirdi ki, “Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş respublika kimi hazırda bölgədə sülh yaradıcılığında əsas təşəbbüskarlıq səylərini artırıb, ancaq əfsuslar olsun ki, Ermənistan bizim çox sadə, beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib. Ermənistanın bu cür mövqeyi region üçün potensial risklərdən biridir, çünki əgər üç Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar”.

        Tarix sübut edir ki, hər bir müharibənin sonu sülh müqaviləsinin imzalanması ilə nəticələnir, məğlub tərəf qalibin diktə etdiyi reallıqlarla barışmaq məcburiyyətində qalır. Bundan sonra, tərəflər arasında müxtəlif istiqamətli sazişlər də imzalana bilir. Təəssüflər olsun ki, işğalçı Ermənistanla Azərbaycan arasında 30 il davam edən keçmiş Dağlıq Qarabağ münaqişəsinə son qoyulsa da, hələ də, tərəflər arasında sülh müqaviləsi imzalanmayıb. Bunun da səbəbləri isə, cəmi 44 günə Azərbaycan qarşısında diz çöküb savaşın dayandırılmasını xahiş edən Ermənistanın cəfəng iddiaları, bəhanələri və hərbi təxribatlarıdır. Real vəziyyət isə, budur ki, qalib tərəf kimi Azərbaycan sazişin imzalanması üçün əlindən gələni, üzərinə düşən öhdəliyi reallaşdırmağa tam hazır vəziyyətdə olduğu halda rəsmi İrəvan hələ də, bəhanələr gətirməklə prosesi uzadır. Bu azmış kimi, bölgədə sülhün-təhlükəsizliyin təmin olunmasını istəyən böyük güclər, beynəlxalq təşkilatlar bu ölkəyə sülh müqaviləsinin imzalanması prosesini yubatdığı üçün heç bir təzyiq göstərmirlər. Necə ki, Ermənistanın 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayarkən ortaya qoyduqları "mövqe" kimi. Yəni, hazırda da eyni ssenari davam edir.  Məğlub ölkə hazırda işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın yalnız öz qüdrəti hesabına həyata keçirdiyi işlərin miqyasını aydın görür və anlayır ki, tezliklə Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası qaçılmaz olacaq. Ona görə də, bu prosesə zərbə vurmağa çalışır. Ümumiyyətlə, sülh danışıqlarını dalana dirəmək Ermənistan rəhbərliyinin hazırkı siyasi gedişlərində başlıca yeri tutur. Məqsəd isə, aydındır – vaxt qazanmaq, güclənmək və Azərbaycana qarşı aqressiyanı davam etdirmək, 44 günlük müharibə zamanı uğradığı acınacaqlı məğlubiyyətin fəsadlarını aradan qaldırmaq. 

      Bütün bunlar əlbəttə ki, erməni lobbisinin fəaliyyətinin nəticəsidir. Əslində isə, regionda təhlükəsizliyin təmin olunmasını istəyən dünya gücləri Ermənistanın hazırda yürütdüyü siyasətin mahiyyətini aydın görməli, onun əsl niyyətini düzgün qiymətləndirməli və İrəvanı sərsəm iddialardan əl çəkməyə məcbur etməklə, sülh prosesinə öz töhfələrini verməlidirlər. Görünən odur ki, Ermənistan regionda gərginliyin qalmasında maraqlıdır. Bu ab-havanı saxlamaqla, bu ölkə beynəlxalq ictimai rəylə manipulyasiya edir və Azərbaycanı hədəfə gətirməyə çalışır. Ermənistanın bu təxribat və siyasi avantüralarının son məqsədi sülh prosesini ləngitmək, mümkündürsə, iflasa uğratmaqdır. Bu ölkə regionda formalaşan yeni arxitekturanı, olduqca pozitiv əməkdaşlıq imkanlarını, inkişafı və təhlükəsizliyi təhdid edir, açılan yeni perspektivlərə zərbə vurmağa can atır.

      Şübhəsiz ki, Azərbaycanda aparılan dövlət quruculuğu prosesi davamlıdır, çox dərin düşünülüb və hər bir mərhələdə hansı addımların atılacağı öncədən müəyyənləşdirilir. Bütün bu proseslər Azərbaycan dövlətinin inkişafına, milli maraqların müasir mərhələnin tələblərinə uyğun təmin edilməsinə xidmət edir... 

 Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.