“Qayıdış” Konsepsiyasının çox böyük siyasi əhəmiyyəti vardır

14:53 28-03-2023 267

     Bildiyimiz kimi, “Qayıdış” Konsepsiyası, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların doğma yurd yerlərinə təhlükəsiz və sülh yolu ilə geriyə qaytarılmasının təmin edilməsi məqsədilə hazırlanıb. Təhlükəsiz formada Qərbi azərbaycanlıların ata-baba torpaqlarına qayıdışı ilə bağlı bütün prosedurları hüquqi cəhətdən özündə ehtiva edən bu konsepsiya yeddi istiqamətli hədəflərdən ibarətdir. Konsepsiyanın hazırlanmasında əsas məqsədlərdən biri, beynəlxalq təhlükəsizliyin təmin edilməsidir. Qərbi azərbaycanlılar 1905-1906, 1918-1923, 1948-1953 və nəhayət, 1988-1991-ci illərdə öz yurdlarından qovulublar. Konsepsiya bu proseslər nəticəsində yurd-yuvalarından qovulmuş azərbaycanlıların və onların hüquqi varislərinin geri qayıtmasının təmin edilməsi, onların təhlükəsiz şəkildə yaşayışının lazım olan iqtisadi-sosial təminatlarının həyata keçirilməsi, həmçinin Ermənistan hökuməti tərəfindən haqlı tələblərimizin yerinə yetirilməsi ilə bağlı beynəlxalq zəmanətin alınması ilə əlaqədar müddəaları özündə ehtiva edir. “Qayıdış” Konsepsiyası Beynəlxalq Qaçqınlar Konvensiyasında yer alan qaçqınların geri qayıdışına dair müddəalar, Mülki və Siyasi Hüququn Təminatı ilə bağlı Beynəlxalq Pakt, BMT-nin qəbul etmiş olduğu İnsan Hüquqları ilə bağlı Beynəlxalq Konvensiya kimi insan hüquqları və azadlıqları, sərbəst və azad yaşayışın təminatı, həmçinin, qaçqınların öz evlərinə qayıdışını təmin edən sənədlər əsasında hazırlanıb. Konsepsiyada Beynəlxalq Təhlükəsizlik missiyası öz əksini tapıb. Burada beynəlxalq qüvvələrdən ibarət olan missiyanın Qərbi azərbaycanlıların qayıdacağı ərazilərə öncədən yerləşdirilməsi və reinteqrasiya prosesi başa çatana, xalqların bir-biri ilə normal qonşuluq münasibətində yaşaması prosesi baş tutana qədər missiyanın özfəaliyyətinin davam etdirilməsi nəzərdə tutulur. Ermənistan tərəfi bizim qayıdışımızın təminatını həyata keçirməklə bağlı öz məsuliyyətini dərk etməklə bərabər, həmçinin sərbəst şəkildə ana dilində təhsil, məhkəmə orqanlarında və icra strukturlarında Azərbaycan dilində öz fikirlərini, problemlərini ifadə eləməklə bağlı məsələlər də, Ermənistan tərəfindən təmin olunmalıdır. Bir neçə mərhələdə həyata keçiriləcək Qayıdışın birinci mərhələsində sənədlər paketi Azərbaycan və dünya ictimaiyyətinə təqdim ediləcək. İkinci mərhələdə Ermənistan Respublikası və BMT-nin Qaçqınlar Ali Komissarlığı ilə birlikdə digər mərhələlərin həllinə start veriləcək. Qayıdış könüllü formada həyata keçiriləcək və artıq, insanların siyahıya alınması prosesinə də başlanılıb. Yaxın gələcəkdə bununla bağlı elektron sistem də tətbiq ediləcək. Növbəti mərhələdə Qərbi azərbaycanlıların iqtisadi və sosial cəhətdən, eyni zamanda kompakt şəkildə yaşayışlarının təmin edilməsi nəzərdə tutulub. Məlumdur ki, Qərbi Azərbaycanda kəndlərin əksəriyyətində azərbaycanlılar kompakt formada yaşayıblar. Çox az sayda kənd var ki, orada hər iki millətin nümayəndəsi birlikdə yaşayıb. Evlərinin təmiri, yaxud inşası, iş yerlərinin tikilməsi, soydaşlarımızın işlə təmin olunması məsələsi mərhələli formada həyata keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev xalqı və ordunu səfərbər edərək rekord sayıla biləcək qısa müddətdə, yəni, cəmi 44 gün ərzində işğal altında qalan torpaqlarımızı azad etdi, bu torpaqları əsl sahibinə qaytardı. İkinci dünya müharibəsindən sonra bu, ilk və yeganə hadisə idi ki, işğal olunmuş ərazilərin azad olunması üçün xalq bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşərək Vətən müharibəsi elan edir, torpaqlarını hərbi-siyasi yolla azad edir, özü də, qlobal güclərin iradəsinin əksinə olaraq bunu etməyi bacarır. Bu, həqiqətən dünya tarixinə düşən, münaqişələrin həlli üsulları haqqında yeni paradiqmalar yaradan, Azərbaycanın gücünü, qətiyyətini, xüsusilə də, cənab İlham Əliyevin hərbi, siyasi, diplomatik cəbhədə göstərdiyi gerçək bir qəhrəmanlığın və fədakarlığın nümunəsi idi. Torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin qəhrəmanlığı, əziz xatirəsi, Qazilərimizin cəsurluğu, Vətən sevgisi, döyüş bacarığı ən ali hisslərə, ehtirama layiqdir və onlar heç vaxt unudulmayacaq.

   Bu gün isə, ölkə Prezidenti, cənab İlham Əliyev cəmiyyətin qarşısında yeni hədəflər və milli vəzifələr müəyyən edib. Bu, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı, onların pozulmuş hüquqlarının bərpası və tarixi ədalətin yerini tapması, təcəllisidir. Cənab Prezident bu vəzifənin aliliyini diqqətə çatdırmaq, tarixi missiyanı ümumxalq amalına və milli davaya çevrilməsinin vacibliyini göstərmək üçün keçən il çox həssas tarixi gün və doğru bir məkan seçdi. O, özünün doğum günündə - 24 dekabrda Qərbi Azərbaycan İcmasının binasına gələrək bu bölgədən olan bir qrup ziyalı və ictimai-siyasi xadimlə görüşdü, millətimizin yeni tarixi missiyasını bəyan edərək bu şərəfli, mübarək vəzifənin yol xəritəsini, Qərbi azərbaycanlıların qayıdışı konsepsiyasının əsas konturlarını xalqa təqdim etdi. Sevindirici haldır ki, Qərbi azərbaycanlıların qayıdışı məsələsi təkcə kökləri həmin ərazidən olan soydaşlarımızı deyil, bütün xalqımızı birləşdirən milli məsələyə və milli davaya çevrilibdir. İndi, hamı çalışır ki, bu işə öz töhfəsini versin və hər hansı bir formada faydalı olmağa çalışsın. Əminəm ki, bu prosesin uğurla davam etməsi həm beynəlxalq aləmdə, həm də, regionda mövqelərimizin daha da möhkəmlənməsinə, haqq səsimizin eşidilməsinə və geosiyasi maraqlarımızın təmin edilməsinə ciddi təkan verəcəkdir...

 Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.