Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var

18:41 07-06-2023 269

    Məlumdur ki, bu gün, regional və beynəlxalq təhlükəsizlik məsələlərinə mühüm töhfələr verən Azərbaycan ilə enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir, həmçinin, yüksək qiymətləndirilir. Bu onun nəticəsidir ki, Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən aparıcı dövlətlər üçün mühüm önəm daşıyır. Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası regionun siyasi və iqtisadi, eləcə də, enerji təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün, dünyanın aparıcı dövlətləri, təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Etiraf olunmalıdır ki, Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Ölkə Prezidenti, cənab İlham Əliyevin inamla həyata keçirdiyi milli maraqlara uyğun praqmatik siyasət nəticəsində Azərbaycan qlobal əhəmiyyət kəsb edən transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Artıq, Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə gerçəkləşdirilmir. Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir. Şübhəsiz ki, regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi, qətiyyəti öz sözünü deyib. Digər tərəfdən, Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir.

    Şübhəsiz ki, son dövrlər dünyada enerjiyə artan tələbat və enerji çatışmazlığı "yaşıl enerji" məsələsinin aktuallığını daha da artırmışdır. Bu mənada Azərbaycan bir sıra dövlətlərin maraq dairəsindədir, çünki ölkəmiz enerji ehtiyatlarına və potensialına görə zəngindir. Dünyanın enerjiyə olan tələbatını, təbii ki, öz potensialını nəzərə alan ölkəmiz "yaşıl enerji" sahəsindəki məqsəd və planlarını hazırkı tələbata uyğun olaraq həyata keçirir. Elə bu səbəbdən də, Azərbaycan ilə tərəfdaşlığa maraqlı olan dövlətlərin sayı getdikcə artmaqdadır. Enerji ehtiyatları ilə zəngin bölgələrimizdən biri də işğaldan azad edilmiş Qarabağ ərazisidir. Bölgənin enerji potensialı nəzərə alınmaqla tətbiq ediləcək müxtəlif yaşıl texnologiyalar üzrə təhlillər aparılmışdır. Azərbaycanın bərpaolunan enerji mənbələrindən geniş şəkildə istifadə etmək planları ölkəmizin inkişaf strategiyasına tam uyğundur. Belə ki, respublikamızın əlverişli coğrafi iqlimə malik olması alternativ və bərpaolunan enerji mənbələrindən, o cümlədən günəş, külək, su resurslarından geniş istitifadəyə imkan verir. İşğaldan azad olunmuş Qarabağ zonasında da münbit şərait və lazımi qədər də enerji potensialı var. Enerji baxımından olduqca zəngin olan bölgənin potensial gücünü nəzərə alan dövlət başçısı, cənab İlham Əliyev öz çıxışlarında bunu xüsusi olaraq vurğulamışdır: "Mən, artıq rəsmi olaraq azad edilmiş əraziləri "yaşıl enerji" ilə təmin ediləcək bölgə elan etmişəm. Biz, artıq master-plan üzərində çalışırıq və nəhəng su, günəş, külək potensialından istifadə edərək həmin layihələri icra edəcəyik". Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji mənbələri olduqca zəngindir. Bölgədə 7200 MVt-dan çox günəş, 2000 MVt-yadək külək enerjisi üzrə potensial mövcuddur. "Azərbaycan 2030": sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də ölkəmizdə "yaşıl enerji" istehsalının genişləndirilməsi məsələsi də mühüm yer tutur. Enerji istehsalı gücündə bərpaolunan enerjinin payının 2025-ci ildə 24, 2030-cu ildə isə, 30 faizə çatdırılması nəzərdə tutulur və bu istiqamətdə işlərə start verilib. Bu işdə xarici investorlar da maraqlıdırlar. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 may 2021-ci il tarixli Sərəncamın icrası istiqamətində Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa başlanılmış və müvafiq Konsepsiya hazırlanmışdır. Eyni zamanda, Nazirlər Kabineti "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə "yaşıl enerji" zonasının yaradılması üzrə Tədbirlər Planı"nı təsdiq etmişdir. Əlbəttə ki, ərazinin bərpaolunan enerji potensialı olduqca böyükdür. Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Füzuli, Cəbrayıl və Zəngilan rayonları üstünlük təşkil edirlər. Bu ərazilər Naxçıvandan sonra ikinci yerdədir. Bölgədə, təkcə günəş enerjisi deyil, həmçinin, külək enerjisindən səmərəli istifadə etmək üçün də münbit şərait var. Dağlıq hissədə 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu əlverişli ərazilər çoxdur. Kəlbəcər və Laçın rayonlarında isə, küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Günəş, külək enerjisi ilə yanaşı, bölgə həm də, su ehtiyatları ilə də zəngindir. Kəlbəcər və Şuşada termal su ehtiyatları boldur. Azərbaycan-Türkiyə-Avropa enerji dəhlizinin yaradılması, bərpaolunan enerji mənbələrinin potensialının ölçülməsi ilə Xudafərin və Qız qalası su elektrik stansiyalarından yaxın zamanlarda 140 meqavat elektrik enerjisi əldə ediləcək. Habelə, Cəbrayıl rayonunda 240 meqavatlıq yeni günəş stansiyasının tikintisi də nəzərdə tutulur. Laçın-Kəlbəcər rayonlarında isə, 10 min meqavata yaxın külək elektrik stansiyalarının tikintisi yaşıl texnologiyaların tətbiqi istiqamətində atılan addımlardandır. Kəlbəcər və Laçın rayonlarında 30 illik işğal dövründə ermənilər tərəfindən dağıdılmış 12 su elektrik stansiyası yenidən bərpa olunur ki, artıq onlardan 7 stansiya istifadəyə verilib. Əlbəttə ki, tələb olunan başlıca amillərdən biri də enerji ilə təminatdır. Plana əsasən, bölgə özünü öz istehsal etdiyi enerji ilə təmin etməlidir. Qarabağ ərazisinin enerji potensialı ilə zəngin olması, bölgəni "Yaşıl enerji" zonasına çevirməklə yanaşı, həm də, enerji məkanı kimi maraqları artırır. Beləliklə, bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan, bu istiqamətdə reallaşdırdığı layihələrlə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm aktor kimi öz fəaliyyətini durmadan genişləndirir...

    Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.