Meksikalı pianoçu Beynəlxalq Muğam Mərkəzində konsert verdi - FOTO

06:54 03-09-2019 957

Sentyabrın 2-də Beynəlxalq Muğam Mərkəzinin və Meksika səfirliyinin təşkilatçılığı ilə tanınmış meksikalı pianoçu Xesus Lepenin konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertdə dünya şöhrətli bəstəkarlar Bax, Bethoven və Şopenlə yanaşı, Meksikanın klassik musiqi ifaçılarından Xesus Belisario və Rikardo Kastronun əsərləri də səsləndirilib.

“Azərbaycana ikinci dəfədir gəlirəm. Ölkə haqqında təəssüratlarım çox zəngindir. Xalqınız çox mehriban, səmimi və insana qarşı diqqətlidirlər. Burada olmağımdan çox məmnunam”, - deyə, X.Lepe bildirib.

Pianoçu gələcəkdə Meksika və Azərbaycan musiqiçilərinin birgə mübadilə aparmalarını arzulayıb və onların maraqlı layihələr ərsəyə gətirəcəklərinə inandığını deyib.

Meksikalı piano üzrə Beynəlxalq Papantla Festivalının təsisçisi və baş direktorudur. Bundan əlavə, 2011-ci ildən Verakruz ştatının Papantla de Olarte “Lazara Meldiu” Bələdiyyə Mədəniyyət Evinin piano sinfinin rəhbəri və müəllimi kimi fəaliyyət göstərir.

Qeyd edək ki, Xesus Lepe sentyabrın 6-da Qəbələ Mədəniyyət Mərkəzində, sentyabrın 11-də isə Sumqayıt şəhərində konsert proqramı ilə çıxış edəcək.