Rövnəq Abdullayev: “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqlinə hazırıq

10:36 19-09-2019 675

25 il bundan əvvəl ölkənin təbii qaza olan daxili tələbatını ödəmək üçün xaricdən qaz idxal edən Azərbaycan dünyada təbii qaza tələbatın sürətlə artdığı indiki dövrdə beynəlxalq miqyasda yeni təbii qaz mənbəyi, mühüm qaz ixracatçısı kimi tanınır. 

HerGun.Az-ın məlumatəna görə, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində deyilir. 

Onun sözlərinə görə, son 11 ildə ölkə üzrə qaz ixracı beş dəfədən çox artıb:

“1999-cu ildə kəşf, 2006-cı ildən istismar edilən, dəniz akvatoriyalarında ən böyük qaz-kondensat yataqlarından olan, ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilən “Şahdəniz” yatağının işlənilməsi nəticəsində enerji müstəqilliyini tam təmin etmiş Azərbaycan həm də qlobal miqyaslı nəhəng qaz layihələrinin təşəbbüskarına və aparıcı qüvvəsinə çevrilib.

Ötən il Azərbaycanın liderliyi ilə həyata keçirilən “Cənub qaz dəhlizi” meqalayihəsinin dörd seqmentindən üçünü uğurla başa vurduq. Artıq “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəql edilməsinə tam hazırıq. Dəhlizin sonuncu seqmenti olan TAP kəmərinin tikintisi üzrə işlər də başa çatmaqdadır.

SOCAR, eyni zamanda, həm Azərbaycanın, həm də qonşu Gürcüstanın əsas qaz operatorudur. Bu gün ölkəmizdə qazlaşdırma səviyyəsi 96 faizə yaxındır. Qaz tədarükü və qazlaşdırma sahəsində qazandığımız zəngin təcrübə bu yaxınlarda Türkiyədə satın aldığımız qazpaylaşdırıcı şəbəkənin də səmərəli idarə olunacağına əminlik yaradır”.

“Ötən 25 ildə Azərbaycanda qaz hasilatı 5 dəfə, son 11 ildə isə 30,3 faiz artıb. Bu müsbət dinamika davamlı xarakter daşıyır. Cari ilin sonuna qədər ümumi qaz hasilatında 20 faiz artım proqnozlaşdırılır. Bu dinamika növbəti illərdə də yüksələn xətt üzrə davam edəcək. Xəzərin Azərbaycan sektoru qaz-kondensat ehtiyatları ilə zəngindir.

“Şahdəniz”lə yanaşı “Abşeron”, “Qarabağ”, “Ümid” kimi yataqlarda aparılan genişmiqyaslı axtarış-kəşfiyyat və hasilat işləri mühüm uğurlar vəd edir. “Babək”, “Şəfəq”, “Asiman”, “Əşrəfi”, “Dan ulduzu”, “Aypara” strukturlarından da gözləntilərimiz böyükdür”, - deyə R.Abdullayev qeyd edib. 

SOCAR prezidenti əlavə edib ki, son 10 ildə şirkətin dövriyyəsi 26 dəfədən çox artıb:

“Gəlirlərin böyük hissəsi Azərbaycanın hüdudlarından kənarda əldə olunub. Xaricdəki aktivlərimiz, Gürcüstan, Türkiyə, Ukrayna, Rumıniya, İsveçrə, Avstriya, BƏƏ kimi ölkələrdə əldə etdiyimiz terminallar, limanlar, zavodlar, emal, neft-kimya, logistika kompleksləri, yanacaqdoldurma və texniki servis məntəqələri Azərbaycan dövlətinin mülkiyyəti olaraq, ölkəyə sabit dividendlər gətirir, onun iqtisadi gücünün möhkəmlənməsinə xidmət edir.

Azərbaycan SOCAR-ın timsalında qardaş Türkiyənin ən böyük xarici investorudur. Ötən il qardaş ölkədə tikib istismara verdiyimiz STAR neft emalı zavodunda istehsal olunan məhsullar ən böyük aktivimiz olan PETKİM-i xammalla təchiz etməklə yanaşı Türkiyədəki biznes şəbəkəmizin inkişafına yeni təkan verib”.

İlhamə Əbülfət