Azərbaycanlı cərrahdan mühüm kəşf:Yarım saatlıq əməliyyatla uşaq sağlamlığına qovuşur –FOTO/VİDEO

21:23 30-09-2019 1384

Azərbaycanda belə bir inanc var ki, oğlan uşağı cinsiyyət üzvündə “peyğəmbər sünnəti” ilə doğulubsa demək ya seyyid nəslindəndir. Ya da qeyri-adi nəsə var. Əslində “peyğəmbər sünnəti” kimi tanıdığımız əlamət xəstəlikdir. Hipospadiya adlanır.


Bu və ya diğər uşaq uroloji xəstəlikləri ilə bağlı tanınmış cərrah Murad Hüseynovla söhbət edəcəyik.
Hüseynov Murad Eldar oğlu 1984-cü ildə Rusiya Federasiyasında anadan olub. 2000-2006-cı illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakultəsini bitirmiş və həmin il M.C.Cavadzadə adına uroloji klinikada Urologiya ixtisası üzrə interna tura keçib.. 2007-ci ildən RKUX-da uşaq uroloqu kimi işə başlayıb. 2008-2009-cu illərdə Türkiyənin Ankara şəhərində Ankara Eğitim və Araşdırma xəstəxasında uşaq urologiyası üzrə təlim və tədris keçib. 2010-cu ildə Almanyanın Berlin şəhərində, Hofenshain klinikasında uşaq urologiyası üzrə tədris və təlim alıb. 2013-cü-ildə Almanyanın Erfurt şəhərində Viktorian klinikasında ümumi urologiya və cərrahi andrologiya üzrə təhsil almış, 2014-cu ildə “Uşaqlarda Hidronefroz” adlı kitabı çap olunmuşdur. 2015 və 2016-cı illərdə Azərbaycan Urologiya və Andrologiya Assosiyalarının simpoziumu konfransında “Hipospadiyanın əməliyyat metodları” və “Qadınlarda stress sidik saxlamamazlığının cərrahi müalicəsi” barədə çıxışları olub. 2009-cu ildən bəri cinsiyyət üzvünun doğuş anomaliyaları üzrə cərrahi müalicəsində Azerbaycanda ilk dəfə 8 yeni üsulla tətbiqinə başlamış. İşlədiyi illər ərzində bir çox elmi konfransda iştirak və çıxışlar etmişdir. Bu illər ərzində sadəcə Hipospadiya və Epispadiya üzrə 634 əməliyyat həyata keçirib.


“AZƏRBAYCANDA BU XƏSTƏLİKLƏ DOĞULAN UŞAQLAR DAHA ÇOXDUR”






-“Peyğəmbər sünnəti” əlaməti ilə doğulan uşaqlar çoxdurmu?

-Azərbaycanda doğulan hər 100-150-ci uşaqda hipostadiya aşkarlanır. Xalq arasında buna “peyğəmbər sünnəti” deyirlər. Bu xəstəliyə bütün dünyada rast gəlinir. Ancaq dünya üzrə statistikanı götürsək başqa ölkələrdə hər 300-400-cü uşaq bu əlamətlə doğulur.


-Bəs bizdə bu rəqəm niyə 2 dəfə artıqdır?

-Əsas səbəb Azərbaycanda qohum evliliyinin çox olmasıdır. Bu xəstəliyin əlaməti nədir? Qısa izah etsək sidik kanalı cinsiyyət üzvündə öz yerində olmur. “Peyğəmbər sünnəti” bu xəstəliyin ən yüngül formasıdır.
Hipospadiyanın yüngül formaları sidik ifrazının ciddi pozuntusuna gətirib çıxarmır. Ona görə də belə pasiyentlərin rekonstruktiv əməliyyata ehtiyacı olmur.
Xarici dəliyin diametri kiçik olarsa, uşaq sidiyə çətin və nazik şırnaqla, ləngiyərək getməsindən şikayətlənəcək.
Subkoronal forma kişi cinsiyyət orqanının qismən əyə bilər ki, bu da sidik ifrazını çətinləşdirir. Sidik şırnağı ayaqlar tərəfə yönəlir və bunun qarşısını almaq üçün uşaq özünə “rahat” vəziyyət seçməli olur.
Penil hipospadiyada çinsiyyət orqanı əhəmiyyətli dərəcədə deformasiyaya uğrayır. Tualete getmək üçün uşaq penisini dartaraq yuxarı qaldırmalı, yaxud da oturaq vəziyyət almalı olur. Uretranın daralması sidiyə getmək baxımından ciddi problem yaradır. Uşaq iki səbəbdən tualetə getməyə çətinlik çəkir: əvvəla o, sidik uretranın daralmış hissəsindən keçənədək əziyyət çəkir, ikinci tərəfdən sidiyə getmək üçün oturaq vəziyyət almalı olduğundan psixoloji diskomfort hiss edir.
Xayalıq və aralıq hipospadiya zamanı uşağın xarici cinsiyyət orqanı şəkildəyişməyə məruz qalır – penis çox kiçik, deformasiyaya uğramış olur. Belə halda sidiyə getmə yalnız oturaq halda mümkün olur. Sidik ifrazı xeyli çətinləşir.


-Bu xəstəlik uşaqlar böyüyəndə nə kimi fəsad verir, cinsi həyatına mane olurmu?

- Bu xəstəliyin yüngül forması kosmetik qüsur sayılır. Adi yaşamağa və ata olmağa mane olmur. Lakin bəzi hallarda psixoloji travma olur. Yəni mən niyə yaşıdlarım kimi normal sidiyə çıxa bilmirəm və s..Bəzi hallarda bu özünəqapanma və durğunluq yaradır.
-Bu fəsadı necə aradan qaldırmaq olur?

-Əvvəllər bizdə belə uşaqlar əməliyyat olunmurdu. Xəstələr elə bu əlamətlə yaşayırdılar. Hal-hazırda bütün dünyada , o cümlədən bizdə bu fəsadı aradan qaldırmaq üçün əməliyyatlar olur. Bu əməliyyat uretraplastika adlanır.
Əsasən türk uzmanları Bakıya gəlir və əməliyyat keçirirlər. Kifayət qədər bahalı əməliyyatdır.

-Sizin kəşfiniz məhz bu əməliyyatla bağlıdır?

-Bəli, 2014-cü ildən bəri yeni bir əməliyyat üsulu icra edirəm.

Bu üsul xəstəliyin ən qısa zamanda və problemsiz həllinə kömək edir. Qısaca anladım. Uretraplastika əməliyyatı o deməkdir ki, çatışmayan, o bir santimetrlik məsafəni yeni dəridən kanal yaradaraq bərpa edirsən. Bu əməliyyat 1,5-2 saat çəkir. Bərpa isə 2 həftə zaman alır.
Bu zaman süni yaradılmış kanalın daralması baş verə bilir ki, nəticədə uşaq bir neçə dəfə əməliyyat edilməli olur. Bu əməliyyatdan narazılıq halları kifayət qədər çoxdur.
Uşaq böyüyərkən də kanal daralır ki, bu da onun sidiyə normal getməsinə problem yaradır.
Yeni yaradılan üsül, hansını ki,mən tətbiq edirəm, bizə imkan verir ki, həmin kanalı yuxarı dartaraq cinsiyyət üzvünün ucuna fiksə edək.
Əməliyyat cəmi 30-40 dəqiqə çəkir, üstəlik problem yaranmır. Xəstə cəmi 3 gün ərzində sağalır.
İndiyə qədər 278 belə əməliyyat keçirmişəm. Nəticələr əladır.

-Belə çıxır ki, həm vaxt, həm problemin həlli və ən əsası, qiymət baxımından sizin əməliyyat daha sərfəli və keyfiyyətlidir?

-Bəli, həm keyfiyyət, həm qiymət baxımından. Qiymət fərqi böyükdür. Həm də uşağı daha az incidirik. Diğər tərəfdən heç bir süni kanal doğma kanalın yerini verə bilməz. Ən əsası budur.






“BİZDƏ QIZDIRMAYA SƏHV DİAQNOZ QOYURLAR”




-Sizin diğər unikal əməliyyatınız var ki, daha ciddi bir problemi həll etməyə kömək edir ..


-Azərbaycanda çox yayılan bir fəsad var - uşağın səbəbsiz yerə qızdırmasının qalxması. Qızdırma qalxır, həkimlər onu infeksiya kimi müalicə edir. Əslində səbəb başqadır.
Belə bir xəstəlik var- sidiklik-sidik axarı refluksu. Dünyada uşaqların 25 faizi bu xəstəliklə doğulur.
Yəni sidiyin böyrəyin içinə geri qayıtması. Uşaq sidiyə gedəndə sidik həm çölə çıxır,bir hissəsi geriyə, böyrəyə qayıdır.
Normalda belə bir şey heç vaxt olmamalıdır. Sidik böyrəyin içinə qayıdanda qızdırma verir.


-Bunun fəsadı çoxmu ağır olur, müalicəsi necə gedir?

-Azərbaycanda olan dializ xəstələrinin 35 faizinin böyrəyi məhz bu xəstəliyə görə sıradan çıxıb. Əvvəllər məcbur idik 2-ci, 3-cü dərəcəli açıq əməliyyatlar edək. Sidik axarı kəsilir, sidik kisəsinin içinə salınırdı. Çox ağır, 3-4 saatlıq əməliyyatdır.
İndiki zamanda biz həmin xəstə mənsəblərə xüsusi gel yeridirik. Qadınların kosmetik əməliyyat zamanı istifadə etdikləri gelə oxşayır.
Həmin geli biz mənsəbə yeridirik və onunla həmin refluksun qabağını birdəfəlik alırıq.
Sözlə anlatmaq bir az çətindir. Yanımıza gələn xəstələrə videoda nümüyiş etdirəndə asan anlaşılır.
4 il ərzində 148 xəstəyə həmin geldən vurmuşam. Nəticə uğurlu olub.

-Demək 3-4 saatlıq ağır əməliyyat əvəzinə problem bir gel yeritməklə həll olunur.

-Bəli, özü də çox tez. Cəmi 10 dəqiqəyə.


Söhbətləşdi İlqar Atabəyli