“Qarabağ”ın oynayacağı stadion kimin adını daşıyır? - MARAQLI

20:00 03-10-2019 820

Bu gün “Qarabağ” Lüksemburq çempionu “F91 Düdelanj” klubu ilə UEFA Avropa Liqasının qrup oyununa çıxacaq.

Lüksemburqda keçiriləcək görüş kluba məxsus 2558 tamaşaçı tutumuna malik “Yos Nosbaum” stadionunda baş tutmayacaq. Bunun səbəbi isə həmin stadionun UEFA tələblərinə tam uyğun olmamasıdır. Buna görə də matç Jozi Bartelin adını daşıyan stadionda baş tutacaq.

HerGun.Az bu stadionla bağlı maraqlı məqam barədə yazı hazırlayıb.

Əvvəla, sualı bu cür qoyaq. Jozi Bartel kim olub?

1927-ci ildə doğulmuş Bartelin istedadı II Dünya Müharibəsi zamanı kəşf olunub. Belə ki, o, orta məsafəyə qaçışla məşğul olurmuş. 1947-ci ildə Berlində keçirilən hərbçilərin dünya çempionatında 800 metr məsafəyə qaçışda qalib gələn Bartel növbəti il Brüsseldə keçirilən analoji turnirdə iki qızıl medal qazanır. Bu dəfə 800 metrlə yanaşı, 1500 metr qaçışın da öhdəsindən gələrək hərbçilər arasında dünyanın ən güclü atleti olur. O ilk dəfə Londonda 1948-ci ildə keçirilən Olimpiadada iştirak edir. Burada 1500 metr məsafəyə qaçışın final mərhələsində finişə IX yerdə çatır. Lakin 1949-cu (1500 metr) və 1951-ci illərdə (800 və 1500 metr) tələbələr arasında keçirilən dünya çempionatlarının qalibi olmağı bacarır. Ona ən çox uğur qazandıran isə 1952-ci il Helsinki Olimpiadası olur. O, 1500 metr məsafəyə qaçışda Olimpiya çempionu adını qazanır ki, bu da Lüksemburq kimi cırtdan ölkə üçün çox böyük uğur sayılır.

1956-cı il Melburn Olimpiadasından sonra isə karyerasını bitirir. 1946-1956-cı illərdə 800 və 1500 metr məsafəyə qaçışda ölkəsinin çempionu da olmuş Bartel 1962-ci ildə Lüksemburq Atletika Federasiyasının prezidenti, daha sonra 1973-1977-ci illərdə Lüksemburq Olimpiya İdman Komitəsinin rəhbəri olur. Həmçinin 1977-1984-cü illərdə o, yerli hökumətin üzvlərindən idi.

1992-ci ildə – 65 yaşında ağır xəstəlikdən dünyasını dəyişir. Bununla belə, mərhum 2006-cı ildə idman jurnalisti Erik Eqers tərəfindən Almaniyada çıxan bir qəzetdə dopinqdən istifadə etməkdə günahlandırılır. Jurnalist bunu 1950-ci illərdə dopinq maddələri üzərində araşdırma aparmış alman həkimi Oskar Veqenerə əsasən iddia edir. Ancaq həkim Bartelin dopinqlə əlaqəsi olduğunu söyləməkdən qəti imtina edir. Məsələ burasındadır ki, 1960-cı illərədək Bartelin istifadə etdiyi iddia edilən metamfetamin dopinq kimi nə qadağan olunmuşdu, nə də buna nəzarət edilirdi.

Onun adına doğulduğu Mamer şəhərciyində texnikum-lisey fəaliyyət göstərir. Həmçinin 1928-ci ildə tikintisinə başlanılmış, 1931-ci ildə açılmış Lüksemburq şəhərindəki stadion 1993-cü ilin iyulundan Bartelin adını daşıyır. Bu stadion 1990-cı ildə tamamilə yenilənib. 8125 tamaşaçı tutumuna malik stadiona 2014-cü ildə 230 min avro vəsait ayrılıb.

Qeyd edək ki, “F91 Düdelanj” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Səbuhi Musayev