“Qarabağ” bu gün erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək

12:45 07-10-2019 433

“Qarabağ” UEFA-ya erməni təxribatı ilə bağlı bu gün müraciət ünvanlayacaq.

Bu barədə HerGun.Az-a “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Lüksemburqda “F91 Düdelanj”la görüşdə dronla qondarma Dağlıq Qarabağ bayrağı qaldırmaqla oyun pozulub. Bu isə komandalara mənfi təsir göstərə bilər. 

AFFA-dan sonra “Qarabağ” da UEFA-ya müraciət məktubu göndərəcək:

“Şükür olsun ki, oyunçularımız matçda fasilə yarandıqdan sonra qopmadılar. Dediklərimizi yerinə yetirdilər. Amma başqa cür də ola bilərdi. Biz avrokubok yarışlarını UEFA-nın bayrağı altında keçiririk. UEFA maksimum şəkildə çalışır ki, oyunlarda nizam-intizam qorunsun.

Müraciət etməsək belə, onlar özləri bu məsələni araşdırmağa başlayıb. Bununla belə, klub olaraq biz özümüz də bu gün UEFA-ya müraciət edəcəyik”.

Qeyd edək ki, həmin görüşdə “Qarabağ” 4:1 hesabı ilə qələbə qazanıb.

Səbuhi Musayev