Azərbaycan Rusiya ilə münasibətləri dərinləşdirməyi hədəfləyir - ŞƏRH

15:45 07-10-2019 555

Prezident İlham Əliyev Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarına müsahibəsində Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının dərinləşməsindən söz açıb.

Ölkə başçısı bildirib ki, Azərbaycan və Rusiya BMT, ATƏT, MDB məkanında sıx qarşılıqlı fəaliyyət göstərir.

Prezident vurğulayıb ki, iki ölkə arasında çox sıx ticari-iqtisadi münasibətlər mövcuddur:

“Bu il əmtəə dövriyyəsi 20 faizdən çox artıb. Rusiyadan Azərbaycana, Azərbaycandan Rusiyaya çoxmilyardlı investisiyalar qoyulur. Energetika, nəqliyyat, humanitar, hərbi-texniki və turizm sahələrində əməkdaşlıq edirik. Yəni, əməkdaşlıq etmədiyimiz sahələrin adını çəkmək daha asandır. Buna görə, bir daha demək istəyirəm ki, müstəqil xarici siyasət kursu yeridən ölkə kimi Azərbaycan Rusiyanı mühüm tərəfdaşlardan biri, mehriban dost, qonşu hesab edir. Prezident Putinlə bugünkü görüş bunu bir daha təsdiq etdi”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin mütəxəssisi Ayaz Rzayev Azərbaycan-Rusiya iqtisadi əlaqələri barədə HerGun.Az-a şərh verib.

O deyib ki, Rusiya ilə münasibətlərin davamlı inkişafını təmin etmək Azərbaycan xarici siyasəti üçün prinsipial məsələdir.

Mütəxəssisin fikrincə, rəsmi Bakı Rusiya ilə əlaqələri beynəlxalq, regional münasibətlər sistemində baş verən köklü dəyişikliklər fonunda və geosiyasi reallığı nəzərə alaraq inkişaf etdirir.

“Hər iki ölkə qarşılıqlı əlaqələri “strateji tərəfdaş” münasibətləri adlandırır. Rəsmi Bakı strateji xarakter daşıyan Rusiya ilə münasibətlərini xoş niyyətlilik, şəffaflıq və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında möhkəmləndirməyə çalışır”, - deyə A.Rzayev söyləyib.

Onun sözlərinə görə, Azərbaycan rəsmilərinin də qeyd etdiyi kimi, Rusiya ilə ikitərəfli münasibətlər üçüncü tərəflərlə əlaqələrdən asılı olmayaraq inkişaf edir.

Mütəxəssis iki ölkə arasındakı münasibətlərdə əsas faktorun iqtisadi əlaqələr olduğunu vurğulayıb:

“Sadəcə, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 20 faiz artıb. Bu il də eyni müsbət dinamikanı müşahidə etmək mümkündür. Azərbaycanın Rusiyaya ixracının həcmi ötən illə müqayisədə 11 faiz, Rusiyadan idxal isə 28 faiz artıb. Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azaldılması strategiyasında da Rusiya və digər qonşularla iqtisadi əlaqələrin genişləndirilməsi mühüm rol oynayır”.

A.Rzayev bildirib ki, bu ilin ilk səkkiz ayında Azərbaycandan Rusiyaya qeyri-neft məhsulların ixracında ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artım müşahidə olunub.

Ekspert Azərbaycanda Rusiyanın böyük şirkətləri ilə əməkdaşlıq əlaqələrinin gücləndiyinə də diqqət çəkib.

“Azərbaycan bazarında hazırda təxminən 700 Rusiya sərmayəli şirkət fəaliyyət göstərir və bu rəqəmin yaxın gələcəkdə daha da artacağını proqnozlaşdırmaq olar. Məsələn, bu yaxınlarda “Qazprombank” Azərbaycanın neft-qaz-kimya sektorundakı layihələrdə iştirak etməkdə maraqlı olduğunu bildirib.

Rusiyanın müxtəlif regionları ilə münasibətlərin inkişaf etdirilməsinə prosesi gedir. Sentyabrda, məsələn, Bakıda Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevlə Azərbaycanın Rusiyaya meyvə və tərəvəz ixracını artırmaq məqsədilə Yekaterinburq yaxınlığında logistika mərkəzinin tikilməsi ətrafında müzakirələr aparılıb.

Ümumiyyətlə, yaxın gələcəkdə Azərbaycan Rusiya ilə münasibətləri qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində dərinləşdirməyi hədəfləyir”.

Aqşin Kərimov