İş adamlarının - NƏZƏRİNƏ

16:09 08-10-2019 544

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil edilən növbəti özəlləşdirmə hərracına onlayn seçim və sifariş artıq başlayıb.

HerGun.Az-ın məlumatına görə, noyabrın 5-də baş tutacaq bu hərracda investorların, iş adamlarının, vətəndaşların ümumilikdə 83 dövlət əmlakı üzrə seçim imkanı var.

Elektron xidmətlərin tətbiqi ilə hər kəs komitənin onlayn resursları vasitəsilə dövlət əmlakları üzrə seçim edərək, vaxt itirmədən elektron sifariş verə bilər. Elektron hərrac sistemi ilə sifarişçilər seçdikləri dövlət əmlakının hərracına əlavə ünvana getmədən, elə internet üzərindən qoşula bilər.

Noyabrın ilk hərracına çıxarılan dövlət əmlaklarına müxtəlif regionlarda yerləşən kiçik dövlət müəssisələri, qeyri-yaşayış sahələri, yarımçıq tikililər aiddir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 12.2 kv.m ilə 2997 kv.m arasındadır.

Fərqli iqtisadi sahələr üzrə fəaliyyət potensialı olan kiçik dövlət müəssisələrinə əmlak kompleksləri, ticarət, istehsal, xidmət obyektləri və digər əmlaklar aiddir.

Elan edilən bu hərracda ən yüksək ümumi faydalı sahəsi olan müəssisə Balakən şəhəri, 28 May küçəsindəki əmlak kompleksidir.

Dövlət obyekti 95 min kv.m-ə yaxın torpaq sahəsi ilə birgə hərraca çıxarılıb.

Aqşin Kərimov