Xalq artisti: “Maşın” şouya Murad Dadaşovun özündən belə təklif gəlsə, qəbul etmərəm

17:09 08-10-2019 675

“Maşın” şou ilə bağlı şəxsən Murad Dadaşovun özündən belə təklif gəlsə, qəbul etmərəm.

Bunu HerGun.Az-a açıqlamasında Xalq artisti Nəzakət Teymurova deyib.  

“Şou ilə bağlı təklif gəlməyib. Bir çox şeylər nə mənə, nə də sənətimə uyğundur. Amma Murad Dadaşovun özündən təklif gəlsə belə, qəbul etmərəm. Bir çox tələblərim var. Həmçinin, özümü o şouda görmürəm. Sənətimi o maşından və var-dövlətdən yüksəkdə tuturam. Sənətimi çox sevirəm. Yüngül şeylərə görə özümü və sənətimi heç edə bilmərəm.

Xanəndələr arasında da qalmaqal və ya söz-söhbət baş verir. Amma sənətimizə yad olan bəzi məsələlərə görə baş verənləri efirə çıxartmaq və bir-birimizə cavab vermək bizə yaraşmaz. Onlar cılızlıqdan irəli gəlir.

Hazırda qalmaqalları çox aqressiv şəkildə tamaşaçılara çatdırırlar. Düzdür, bu, onların öz işidir. Amma biz xanəndələr bunu edə bilmərik. Xanəndələrimizin o sıralarda olmasını istəmirəm. Kiməsə də mənimlə qalmaqal yaratmasına icazə vermərəm”, - deyə Xalq artisti qeyd edib.  

Nəzakət Teymurova xanəndəlik sənətinə qazanc məqsədilə gələnlərin də olduğunu bildirib:

“Tələbələrimdən birinə hələlik fonoqramla oxumasını söylədim. Amma aldığım cavab məni təəccübləndirdi. Belə ki, verilişlərə çıxandan sonra artıq 3-4 tədbirə dəvət aldığını dedi. Ümumiyyətlə, xanəndəlik sənəti çətindir. Öhdəsindən gəlmək üçün də güc lazımdır. Ehtiram Hüseynov və Təyyar Bayramovu bəyənirəm”.

Son vaxtlar estetik əməliyyat etdirdiyi ilə bağlı yayılan xəbərlərə gəlincə, Xalq artisti qeyd edib ki, deyilənlər doğru deyil:

“Amma müəyyən vaxtdan sonra mən də özümə əl gəzdirmək istəyirəm”.

Sevinc Yasinqızı  
FOTO: Ramil Zeynalov