Nikola Yurçeviç: Milli komanda səviyyəsində əhəmiyyətsiz oyun olmur

00:18 09-10-2019 642

“Səfərimiz yaxşı keçdi. Amma ümumilikdə, ilk dəfədir ki, heyətlə bağlı bu qədər ciddi problemlərimiz var. Üç futbolçumuz cəzalı durumdadır, iki futbolçumuzun zədəli olması bəlli idi, son anda isə məlum oldu ki, Qara Qarayevin də zədə ucbatından sabahkı oyunu buraxacağı ilə bağlı ehtimal yüksəkdir”. 

AFFA-nın saytı xəbər verir ki, bu sözləri futbol üzrə milli komandamızın baş məşqçisi Nikola Yurçeviç deyib. 

Bu gün “Bəhreyn Milli Stadionu”nda Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi oyunöncəsi brifinqdə bunları söyləyib: 

“Bununla belə, Bəhreyn yığması ilə yoldaşlıq oyununun Macarıstan millisinə qarşı keçirəcəyimiz qarşılaşmanın qlobal mənada testi, yoxlaması olduğunu düşünmürəm. Bu oyun bəzi futbolçularımızın müxtəlif aspektlərdən nə dərəcədə hazırlıqlı olmasını müəyyənləşdirmək baxımından bizim üçün vacibdir.

Təbii ki, daha çox Macarıstan millisi ilə keçirəcəyimiz oyun barədə düşünürük. Hava şəraitinin, yüksək temperaturun bizim üçün problem yarada biləcəyini ehtimal etmirəm. İndiki halda iqlim şərtləri futbolçuların xarakter göstərməsi baxımından əhəmiyyət kəsb edir.

İstənilən halda, milli komanda səviyyəsində əhəmiyyətsiz oyun olmur. Yoldaşlıq və ya seçmə mərhələ oyunu olmasından asılı olmayaraq, milli komandanın bütün qarşılaşmaları önəmlidir”.