Xırdalanda problem: “Evimə hoppana-hoppana gedirəm” - FOTO

13:45 12-10-2019 471

Xırdalan şəhər, Mirqasımov küçəsi döngə 2 ev 7a ünavnında yaşayan vətəndaş kanalizasiya xətlərində yaşanan problemlə bağlı redaksiyamıza şikayət ünvanlayıb.

Sözügedən ünvanda yaşayan vətəndaş Ayaz Qasımov HerGun.Az-a ünvanladığı şikayətdə üç ay ərzində Xırdalan yollarında aparılan təmir işlərinin heç bir nəticə vermədiyini deyib:

“Üç ay təmir işləri aparıldı, su kanalizasiya xətləri dəyişdirildi. Üç ay toz-torpaq udduqdan sonra asfalt çəkməyə başladılar. Sevindik ki, nəhayət, ayaqqabılarımız balçığa batmadan evimizə gedə biləcəyik. Lakin mən hələ də evimə hoppana-hoppana girirəm. “Azərsu”ya müraciət etsək də, telefonlarımıza cavab verən olmayıb”.

HerGun.Az məsələ ilə bağlı “Azərsu” ASC-yə müraciət edib. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə qurumun öz üzərinə düşən işləri tam şəkildə yerinə yetirdiyini bildirib:

“Vətəndaşın şikayət etdiyi problem “Azərsu” ASC-nin gördüyü işə aid deyil. Xırdalanda yolların təmiri zamanı bizim podratçılar tərəfindən qazılan ərazilərə yenidən asfalt örtüyü çəkilib.

Sakinlər ümumilikdə səkilərin asfaltlanmasını istəyirlərsə, bununla bağlı ərazi üzrə icra hakimiyyəti orqanlarına müraciət etməlidirlər. Çünki “Azərsu”nun əməkdaşları təmir işləri zamanı səkiləri qazmayıb.

Göndərilən fotolardan da göründüyü kimi, ərazidəki su xətləri əvvəllər çəkilib. Ona görə də vətəndaşlar məsələ ilə bağlı şikayətlərini rayon İcra Hakimiyyətinə ünvanlamalıdırlar”.

Könül Cəfərli