Məşhur brendlərin loqotipləri necə dəyişib - Rebrendinq tarixi

08:40 10-11-2019 478

Əksər hallarda şirkətin loqotipinin dəyişməsi tədricən baş verir və yeni loqotiplər əvvəlkilərdən çox da fərqlənmir.

Lakin istisnalar həmişə var. Belə ki, “Coca-Cola”nın loqotipi 1980-ci illərdən tədricən inkişaf etmişdi və indi bu brend dünyada ən çox tanınanlardan biridir.

Loqotipləri zamanla ciddi dəyişikliklərə məruz qalmış 15 dünya brendini təqdim edirik:

“Facebook”


Bu yaxınlarda “Facebook” loqotipini dəyişdiyini elan edib. Bildirib ki, şirkət loqosunu  “Instagram”, “WhatsApp” və bilavasitə “Facebook” sosial şəbəkəsi də daxil olmaqla məhsullarının mahiyyətini daha aydın şəkildə əks etdirmək üçün yeniləyir.

2005-ci ildən başlayaraq “Facebook” 10 il ərzində eyni mavi loqoya malik idi. 2015-ci ildə loqotip bir az dəyişmişdi.

“Yahoo!”

Sentyabr ayında “Yahoo!” əvvəlki bütün variantlardan əhəmiyyətli dərəcədə fərqlənən yeni loqosunu açıqlayıb.

Yeni loqotipi “Slack”, “Mastercard” və “Verizon”un rebrendinqi ilə məşğul olan məşhur “Pentagram” dizayn studiyası ərsəyə gətirib.

Şirkətin ilkin loqotipi 1995-ci ildə yaradılmışdı.

IBM

Dizayn haqqında danışırıqsa, XX əsrin ikinci yarısında sadələşdirilməyə üstünlük verilirdi.  IBM loqosu da bu tendensiyaya əyani nümunədir.

Onun müasir dizaynının kökü 1972-ci ilə gedib çıxır. Şirkətin qeyd etdiyi kimi, loqotip “sürət və dinamika” ilə assosiasiya olunmalı idi.

“Pepsi”

“Pepsi” bir çox brendin ondan əvvəl keçdiyi yolu qət edib. Belə ki, loqotipdə hərflər tamamilə götürülərək yalnız simvollar saxlanılıb.

Brendin ilk loqotipində XIX əsrin sonlarının tipik dizaynı sezilirdi, yəni dizayn nə qədər mürəkkəb idisə, bir o qədər yaxşı hesab olunurdu.

“Pepsi” 1962-ci ildə müasir dizaynın yaradılmasına ilham verən yeni loqosunu təqdim edib.

“Volkswagen”

Söhbət məşhur “Juk”dan düşəndə Adolf Hitler ilə assosiasiyalar yaranır. Şirkətin müharibədən əvvəlki loqotipinə Hitlerin təsiri hiss olunurdu, belə ki, hərflər svastika nişanına bənzəyirdi.

Şirkət 1939-cu ildə bu loqotipdən imtina edərək çarxı xatırladan daha sadə dizayna üstünlük verib.

Onun müasir loqotipi də məhz bunun üzərində hazırlanmışdı. Mavi rəng 1967-ci ildən istifadə olunub, lakin o vaxtdan şirkətin loqotipi də ciddi dəyişikliklərə məruz qalıb.

“Amazon”

“Amazon”un ilkin loqosunda çay (Amazon çayına işarə edilirdi) təsvir edilməyinə baxmayaraq, çox da bənzəməmişdi

Bu gün loqotipi daha çox tanınır və oxunur, hətta öz sirri var – ox A-dan Z-yə yönələrək, sanki şirkətin öz müştəriləri üçün bütün lazımi mallara malik olduğuna işarə edir.

“Windows”

“Microsoft” əməliyyat sisteminin loqotipini olduqca tez-tez dəyişib. İlk variantlardan biri (1994-cü ilin loqosu) şəkildə təsvir edilib.

Loqotipi bir dəfə ciddi şəkildə dəyişmək əvəzinə, şirkət tədricən yeni dəyişikliklər edib və 2012-ci ildə “Windows”un loqotipi ultraminimal olub.

“Starbucks”

“Starbucks”ın loqotipi indiki halına gəlib çıxana kimi son 40 il ərzində bir neçə kiçik dəyişikliyə uğrayıb.

Loqotip dəniz mövzusu ilə bağlıdır və üzərində iki quyruqla su pərisi həkk olunub. Zaman keçdikcə su pərisi daha örtülü təsvir olunmağa başlayıb və 2011-ci ildə yazı loqotipdən tamamilə götürülüb.

“Audi”

“Audiwerke” müasir “Audi”ni formalaşdıran dörd şirkətdən yalnız biri idi.

Lakin onun loqotipi ilk dəfə 1932-ci ildə təklif edilmiş və 1985-ci ildə geri qaytarılmış minimalist loqotipdən əhəmiyyətli dərəcədə fərqlənir.

“Apple”

“Apple”in ilk loqotipinin yaradılmasında Stiv Cobs iştirak edib. Onun üzərində İsak Nyuton təsvir edilmişdi.

Bu loqotik çox mürəkkəb idi. O vaxtdan bəri loqonun dizaynı əhəmiyyətli dərəcədə sadələşdirilib.

“Shell”

“Royal Dutch Shell”in loqotipi zaman keçdikcə çox da dəyişməyib, lakin orijinal loqotiplə müasiri arasında əhəmiyyətli fərq var.

“Shell” 1941-ci ildə yanacaq stansiyaları üçün sarı-qırmızı rəngdən istifadəyə keçib. Rənglərin belə çaları yolda sürücülərin diqqətini cəlb etməli idi.

Müasir loqotip 1999-cu ildən mövcuddur.

“Nokia”


“Nokia”nın ilk loqotipi şirkət hələ Finlandiyanın ən böyük sənaye konsernlərindən biri olduğu zaman yaradılmışdı. Lakin o vaxtdan çox dəyişiklik edilib. Şirkət yalnız istehsalı deyil, həm də loqotipini modernləşdirməli olub.

Loqotip bir sıra dəyişikliklərə məruz qalıb. Müasir loqotip 1998-ci ildə tətbiq edilib.

“Fiat”


“Fiat”ın qızıl fonda hərflərin həkk olunduğu ilkin loqotipi 1898-ci ildə yaradılıb.

O zamandan bəri o, bir neçə dəfə dəyişib. Müasir loqotip 1959-1965-ci illər arasında mövcud olan loqoya çox oxşayır.


“Mazda”

“Mazda”nın ilkin loqotipi hərflərlə yazılmışdı. Təkcə “M” hərfinə isə 1997-ci ildə keçilib. Buna qadər isə “Mazda” üç müxtəlif simvoldan istifadə etmişdi.

Onların hər biri əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənirdi, lakin son iyirmi il ərzində “Mazda” loqotipini dəyişməyib.

“Kodak”

Müasirləri ilə müqayisədə “Kodak”ın ilk loqotipi öz zamanını qabaqlayıb. O, aydın şrift və hərfləri ilə fərqlənirdi.

1935-ci ildə “Kodak” qırmızı və sarı rənglərə müraciət edir və həmin vaxtdan loqotipdə çoxsaylı dəyişikliklərə baxmayaraq, bu rəng sxemindən uzaqlaşmır.