Qoyunların müəmmalı qətlini büdpərəst polislər araşdıracaqlar

07:00 01-12-2019 395

Böyük Britaniya Büdpərəst Polislər Assosiasiyası İngiltərənin cənubunda yerləşən Gempşir qraflığının Bramşou  kəndində heyvanların müəmmalı şəkildə öldürülməsi ilə bağlı araşdırmalara başlayıb.

“Mirror” nəşri bildirir ki, heyvanların öldürülməsi ritual xarakter daşıyır. Bundan əlavə, yerli kilsənin binasının üzərində naməlum şəxslər tərəfindən "666" ədədi yazılıb.

Cinayətin araşdırılmasına büdprəst polislər öldürülmüş qoyun və inəklərin cəsədlərində pentaqramlar və çevrilmiş xaçlar çəkildikdən sonra cəlb edilib. 

Yerli sakinlər hesab edirlər ki, “şeytani qətllər” fermerlərdən biri tərəfindən törədilə bilər. Yerli kilsə vikarisi (yepiskop müavini – red.) bu ritual xarakterli cinayətlərin yenə törədiləcəyini ehtimal edib. Onun sözlərinə görə, kəndin yerləşdiyi Nyu-Forest rayonu qədim zamanlardan bəri qaranlıq qüvvələrlə bağlı cadugərləri ilə tanınırdı.

Assosiasiya rəhbərinin fikrincə, bu cinayətin arxasında ya yeniyetmələr, ya da ruhi cəhətdən sağlam olmayan insan dayanır.

Böyük Britaniya Büdpərəst Polislər Assosiasiyasının üzvləri politeizmin ( iki və daha çox tanrıya inancın əsasında qurulmuş dünyagörüşü – red.) tərəfdarlarıdır. Onlar 2009-cu ildən okkultizm əlamətləri olan cinayətləri araşdırırlar.