“Azərişıq” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

23:00 01-12-2019 401

“Azərişıq” ASC gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə HerGun.Az-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. O bildirib ki, bununla əlaqədar “Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov xüsusi göstəriş verib. Göstərişə əsasən, bütün ölkə üzrə şəbəkə rəisləri və texniki departamentin əməkdaşlarının iştirakı ilə növbətçilik müəyyən edilib: 

“Onu da qeyd edim ki, “Azərişıq” rəhbərliyi başda olmaqla Bakı şəhəri və regionlarda olan texniki departamentlərin, həmçinin qəza xidmətinin əməkdaşları hazırda iş başındadır. Baş verə biləcək qəza hallarının qarşısının operativ surətdə alınması məqsədi ilə əlavə mal-material, maşın-mexanizmlər ayrılaraq Bakı şəhəri ətraf kənd-qəsəbələrə və regionlara göndərilib”.

“Azərişıq” sözçüsü istehlakçılara da müraciət edib:

“Qeyd edim ki, “Azərışıq” ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi fəaliyyət göstərir və istehlakçılardan xahiş edirəm baş verən kəsintilərlə bağlı çağrı mərkəzinə məlumat versinlər”.

Könül Cəfərli