Rusiyalı ulduz Bakı konsertində tamaşaçılara səsləndi: Evlənin, öpüşün və uşaqlarınız olsun - FOTO

23:40 02-12-2019 16

“Jara Live” layihəsi çərçivəsində Heydər Əliyev Sarayında Rusiyanın məşhur pop müğənnisi Aleksey Çumakovun konserti baş tutub.

HerGun.Az xəbər verir ki, H.Əliyev Sarayının səhnəsinə çıxan pop ulduz tamaşaçıları salamlayaraq, Bakı ilə bağlı təəssüratlarını bölüşüb:

“Biz ikinci dəfədir ki, Bakıdayıq. Siz bizi artıq ikinci dəfə xoşbəxt edirsiniz. İnanılmaz qonaqpərvərliyə və bəxş etdiyi xoş abu-havaya görə Bakı, sənə təşəkkür edirəm!”

Konsert öncəsi üzünü tamaşaçılara tutan Aleksey onlardan tam sərbəst olmalarını rica edib. Çünki onun konsertlərində rəqs edib səhnəyə yaxınlaşmaq, bir sözlə özünü tamamilə azad hiss etmək olar.

“Müğənnini sizin üçün mahnı oxuduğuna görə alqışlamağa məcbur deyilsiniz. Lakin onun ifasını nə qədər məhəbbətlə təqdim etməsini hiss etsəniz, bilin ki, sizin alqışlarınız hamımız üçün ən yaxşı mükafat olacaq”- deyə A.Çumakov səhnədən tamaşaçılarına səslənib.

Çumakov Bakıda keçirilən yayın əsas hadisəsi “Jara” Beynəlxalq Musiqi Festivalını da xatırlayıb və heç bir yerdə bu qədər sənətçini görmədiyini etiraf edib:

“Jara” festivalı unikal bir hadisədir. Mən bu festivalda iki dəfə iştirak etdim və hər dəfə bu, təsvirolunmaz duyğular idi”.

Romantik ifa tərzi və yaraşıqlı xarici görünüşü ilə qızları özünə valeh edən Aleksey, konsertində sevilən və hit mahnıları ilə tamaşaçılara musiqi ziyafəti verib.

Konsertin sonuna yaxın tamaşaçılardan bir qız səhnəyə çıxıb, Çumakovun qulağına onun təəccübünə səbəb olan məsələni pıçıldayıb. Qızın niyyəti Alekseyin əli ilə onun keçənilki konsertində iştirak edən, lakin hazırda küsülü olan cütlüyü barışdırmaq istəyi olub. Gənc qızın bu istəyinə isə sənətçinin verdiyi cavab yarızarafat olub:

“Əlbəttə, mən Stas Mixaylov (red: müğənni) deyiləm və tüpürcəyim də müqəddəs deyil, Zaur və Sevilya, əgər birlikdə olmayacağınızı hiss edirsinizsə, öz beyninizi və dostlarınızın başını bu məsələlərlə yormayın. Amma hər bir hüceyrə ilə bir-birinizə aid olduğunuzu hiss edirsizsə, həyatınızı cəfəngiyyata sərf etməyin, evlənin, öpüşün və uşaqlarınız olsun!”

Zalda əyləşən tamaşaçılar sənətçini yola salmaq istəməyib. Bunu görən Çumakov tamaşaçılarla vidalaşmağa tələsməyib. O, gecənin sonunda onunla bərabər mahnılarını oxuyan tamaşaçılara təşəkkür edib.

“Xalqınız yüksək mədəniyyətə sahibdir. Bu gözəl şəhərə həmişə böyük sevinclə gəlirik. Bakı, sən bənzərsizsən!”- deyə sənətçi salona öpüşlər göndərib.

Rəşad Əliyev