“Məşhurların açıq-saçıq səhnələrdə çəkilməsinə söyüş yazanlar arvadları ilə “18+” filmlər izləyir” - FOTO

13:20 04-12-2019 11

“Best Model”in Azərbaycan üzrə milli direktoru Aqil Məmiyev, “Best Model”in icraçı direktoru Pərviz Əzimzadə və “Mister Grand Azerbaijan 2018” milli model müsabiqəsinin qalibi Nuru Əhmədovun HerGun.Az-a özəl müsahibəsi:

- “Best model of the Azərbaijan 2018” yarışmasında qalmaqallar bir-birini əvəzlədi. Müsabiqə ətrafında hələ də söz-söhbətlər davam edir. Bəs yarışmanın pərdə arxasında nələr baş verir?

Aqil Məmiyev: Keçən il münsiflər heyəti seçim etdi. “Best Model of Azerbaijan 2018” Aygül oldu. O, yarışmaya ailəsindən xəbərsiz  qatıldığı üçün problemləri yarandı. Bu barədə aramızda olan yazışmalar hələ də telefonumdadır. Aygül müsabiqədə qalib gəldiyi üçün Türkiyəyə getməli idi.

Lakin dayısı bu məsələyə qarışdığı üçün o, yarışmadan imtina etdi. “Best model of Azerbaijan 2018” titulu Aygüldə qalmalı idi, amma davranışlarında səhvlərə yol verdiyi üçün  titulunu əlindən aldıq. Beləliklə, yarışmanın keçən ilki qalibləri Cəmilə Qoluboviçlə, Şakir Əhmədzadə seçildi.

Qızlar arasında ən yüksək nəticəni ötən ilki yarışmada Aygül Səfərova və Cəmilə Qoluboviç göstərdi. Aygülü hündürboy olduğu üçün münsiflər heyəti seçdi. Mən daha çox Cəmilənin qalib gəlməsini istəyirdim, çünki çox təbii və gözəl idi. Lakin münsiflər heyəti mənim fikrimlə razılaşmadı, nəticədə Aygül qalib gəldi.

- Türkiyənin İstanbul şəhərində keçirilən “Best Model of the World - 2019”  beynəlxalq model müsabiqəsində ölkəmizi təmsil edəcək modellər kimlərdir?

Aqil Məmiyev: Biz Türkiyədə hazırda keçirilən “Best Model of the World”ə “Best Model of Azerbaijan - 2018”in ikincisi Cəmilə Qoluboviçi və “Mister Grand Azerbaijan - 2018” milli model müsabiqəsinin qalibi Nuru Əhmədovu yolladıq. Təmsilçilərimizi təbrik edirəm. Çünki, artıq “Best Model of Azerbaijan - 2019” titulu onlara aiddir.

Təmsilçilərimizin portfolioları ilə tanış olan müsabiqənin dünya üzrə prezdenti Erkan Özərman da onların fəaliyyətini yüksək qiymətləndirib. O, hər iki iştirakçı (red: model) haqqında xoş fikirdə olduğu üçün, “Best Model of the World”də onların iştirak etmələrini istədi. Biz də bu seçimə əsaslanaraq Nuru ilə Cəmilənin namizədliyini ön plana çıxartdıq.

“Best Model of the World”ə qatılan Cəmilə və Nuru gözəl, yaraşıqlı və məqsədyönlü olmaları ilə yanaşı, modellik sahəsində də çox təcrübəlidirlər. Hər ikisi mütəmadi olaraq öz üzərində çalışan modellərdir. 

- “Best model of the Azerbaijan”nın tarixinə nəzər salsaq hər zaman bu yarışma ətrafında qalmaqallar, söz söhbətlər olub. Daha çox müzakirələrə səbəb olmaq üçünmü bu yola əl atırsız?

Aqil Məmiyev: Yarışmaya bəzi məqamlar mane oldu. Erkan Özerman şəxsən özü  “Best Model of Azerbaijan - 2018”də iştirak edə bilmədi. Çünki üç gündən sonra müsabiqənin dünya finalı keçirildi. İştirakçılar yaxşı yer qazanmadıqları üçün müxtəlif açıqlamalar verdilər.

Amma başa düşməlidirlər ki, onları münsiflər heyəti seçir. Münsiflər də ölkənin məşhur və önəmli mədəniyyət xadimləri idi. Biz isə yalnız onların bu seçimləri ilə razılaşmalı olduq. Hamının diqqəti bu yarışmada olduğu üçün qalmaqallar və söz-söhbətlər də çox olur. 

Pərviz Əzimzadə: Bu layihə Azərbaycanda uzun müddət, yəni 8 ildən sonra dirçəlib yenidən keçirildi. Doğru vurğuladınız, öncəki illərdə də qalmaqallar olmuşdu. Bizdə isə iştirakçının ailəsi ilə bağlı problemlər yarandığından “milçək dönüb fil oldu.

- Sosil media əhli Cəmilə Qoluboviçin birinciliyini həzm edə bilmədi. “Keçirdiyi çoxsaylı plastik və estetik əməliyyatlar sayəsində gözəllik əldə edib. Təbii yox, süni gözəldir” deyə izləyicilər fikirlərini bildirdilər. Süni yolla gözəllik əldə etmiş modelə “Best Model of Azerbaijan” titulu vermək nə dərəcədə doğrudur?

Aqil Məmiyev: Üzümü sizin sayt vasitəsi ilə izləyicilərə tutub söyləmək istəyirəm ki, “Best model” gözəllik yox, model yarışmasıdır. Bizdə insanlar arasında elə ən böyük problem gözəllik ilə modelliyi səhv salmalarıdır.

Aygül modellik standartlarına tam uyğundur. Cəmilə isə “Best model”ə daha uyğun idi. Həm də bu yarışma tək modellik müsabiqəsi deyil. Orada həm bəy, həm də xanım modellər aktrisalıq qabiliyyətlərini ortalığa qoymalıdırlar, çünki müəyyən yaşdan sonra özlərini serial və film sahəsində sınamağa meyillənirlər.

O ki qaldı sizin az öncə söylədiyiniz Cəmilənin keçirdiyi plastik və estetik əməliyyatlar mövzusuna, o çox gözəl və baxımlı xanımdır. Mən onda sünilik görmədim. Müsabiqə ətrafında qalmaqalların olmasını mən də istəmərəm. Çünki özüm də söz-söhbətlərdən və dedi-qodulardan uzaq bir insanam.

- Keçirdiyiniz yarışmalarda şəffaflığı necə təmin edirsiniz?

Aqil Məmiyev: Canlı, real səsverməyə üstünlük veririk. Şəffaflıq da budur. Bizdə münsiflər heyəti iki düşərgəyə ayrılmışdı. Əsas münsiflər və sponsor münsiflər. Sponsor münsiflər heyəti öz simalarını seçsələr də, əsas münsiflər heyəti şəffaf seçim aparırdı.

- Müsabiqə ilə bağlı daha bir narazılıq sizin təyin etdiyiniz münsiflər heyətinin üzvləri arasında müğənnilərin həddən artıq çoxluq təşkil etməsi oldu. İzləyicilər münsiflərin modellərin seçimində qeyri-obyektivliyə və yalnışlığa yol verdiklərini bildirdilər. Bu qədər müğənnini münsiflər heyətində əyləşdirməyə nə ehtiyac var idi?

Aqil Məmiyev: Münsiflər arasında Zamiq Hüseynov, Tünzalə Ağayeva və Elnur Hüseynov idi. Adlarını çəkdiyim sənətçilərin modelliyə aidiyyatı olmasa da gözəl zövgə malik olmaları hamıya bəllidir. Bunu onların geyimlərində, səhnə obrazlarında açıq-aydın görmək mümkündür.

Nuru Əhmədov: Hərənin bir baxış bucağı var. Zənnimcə, münsiflər heyətində bu qədər müğənnilərin yer alması artıqdır. Modellik sahəsinə daha yaxın olan insanlar olsaydı, məntiqə uyğun olardı. Münsiflər arasında bu sahəyə yaxın olan adamlar isə İlqar Əliyevlə, Rüstəm Cəbrayılov idi.

Mənim ən böyük narazılığım aparılan səsvermə ilə bağlı idi. Səsvermə münsiflər heyəti tərəfindən yazılı deyil, açıq şəkildə aparılmalıdır. Hər bir iştirakçı və orada olan bütün qonaqlar verlən xalları görməlidir.

Düşünürəm ki, yarışmada bal sistemi tətbiq olunmalıdır. Bal sistemi olan təqdirdə iştirakçının nə qədər bal topladığı protokolda göstəriləcək. Səhnə dəyişdikcə protokollar yığılıb, yeniləri ilə əvəz olunmalıdır. Protokolların ballarla yazılması daha məqsədəuyğundur. Keçiriləcək digər müsabiqələrdə ümid edirəm ki, təşkilatçılar fikirlərimi nəzərə alacaq.

Aqil Məmiyev: Mən bu fikirlə tam razıyam. Açıq səsvermə səbəbi ilə münsiflər heyətində son dərəcə peşəkar insanlar olmalıdır. Onlar nəyə görə, 5 və ya 9 bal verdiklərinə açıqlama verməlidirlər. İnsanlara ballarla bağlı məqamlar qaranlıq qalmamalıdır. “Best model”-in öz qayda-qanunu var. Orada ballar yazılır, hesablanır. Hətta dünya finalında özləri hesablayırlar. Biz isə balları münsiflər heyətinin üzvləri ilə birgə hesabladıq. Saat yarım toplantı oldu.

- “Best Model of The World” Bakıda nə zaman keçiriləcək?

Aqil Məmiyev: Bizə “Best Model of The World” yarışmasını Azərbaycanda keçirmək üçün təkliflər gəlir. Hələ ki, biz buna tam olaraq hazır deyilik. Fikirləşirəm ki, Azərbaycan üçün “Best Model of the World”-u keçirmək hələ çox tezdir.

Erkan Özerman 2017-ci ildə mənə “Best Model of the World” yarışmasını keçirmək təklifini etdi. Amma həmin il müsabiqə Fransada keçirildi. Mənim özüm də yarışmanı Azərbaycanda keçirməyə həvəsliyəm. Bu çox ciddi bir müsabiqədir. Elə keçirmək lazımdır ki, dünya finallarından fərqlənsin.

Pərviz Əzimzadə: 2014-cü ildə “Crystal hall”da “Global İnternational” dünya gözəllik yarışmasını keçirtdik. Təşkilatçılardan biri mən idim. Dünyanın 55 ölkəsindən xanımlar müsabiqəyə qatılmışdı.

Qalibi isə avstraliyalı xanım olmuşdu. Azərbaycan çox böyük və geniş miqyaslı idman və musiqi yarışmalarına ev sahibliyi edib. Yarışmanı Azərbaycanda keçirmək üçün geniş formalı heyət hazırlamalıyıq. Bunun üçün zaman lazımdır. O qədər heyəti qarşılayıb, yerləşdirmək, təhlükəsizliyi, qidalanması və s. bu özü böyük güc, vəsait tələb edir.

Nuru Əhmədov: Çalışacağam ki birinciliyi əldə edim. Çünki, Rüstəm Cəbrayılovun sayəsində biz bunun dadını 12 il bundan öncə dadmışıq. Ümid edirəm ki, yenidən “Best Model of the World”ü mən qazanaram.

- Azərbaycanda model bəylərin adı çəkiləndə ya Rüstəm Cəbrayılov ya da, Azər Atakişiyev düşür. Sizin (red: Nuru Əhmədov) adınız isə heç yerdə çəkilmir. Populyarlıqdan qorxursuz yoxsa “Gözə girməkdən”?

- Əgər mən hər işimi sosial mediada təqdim etmirəmsə, bu o demək deyil ki, işləmirəm. Mən deyə bilərəm ki, Rüstəm Cəbrayılov və Azər Atakişiyevin qalibiyyətindən sonra daha uğurlu uşaqlar bu sahəyə gəlib. Onlar simaca daha çox tanınırlar. Bu sahə o qədər də gəlirli deyil. Gəlirli olmadığı üçün onlar məcburən başqa sahələrə yönəlirlər ki, ac qalmasınlar. Bu sahədə olmaq üçün gərək şansın olsun, şansın gətirsin.

Saytlar mənim haqqımda hansısa xəbər yazmağının heç vaxt marağında olmamışam. Marketinq olaraq “Gözə girməmək” qaydası ilə işləyirəm. Çünki nə qədər üzdə olursan səni sima olaraq tanıyırlar, müraciətlər isə az olur. Misal üçün hər hansısa reklama çəkiləndə müştərilərdən “Biz səni nə əcəb görməmişik?” kimi şərhlər alıram. Az-az görünəndə daha təlabatlı olursan.

- Xalq artisti Röya Ayxanın “Ummadığım anda” klipində tərəf müqabili oldunuz. Klipdə çəkilməyiniz üçün Röya sizə nə qədər qonorar ödədi?
Nuru Əhmədov :

- Röyanın klipinə hansı qiymətə çəkilməyim kommersiya sirridir. Ancaq onu deyə bilərəm ki, pulsuz çəkilməmişəm. Mən pula yox, sırf piara işləyirəm. Onuda deyim ki, Röya ilə iş birliyindən sonra bir çox müğənnilərdən həddindən artıq çox təkliflər alıram. Onların adlarını çəkmək istəmirəm. Etiraf edim ki, onlara elə bir qiymət oxuyuram ki, mənə müraciət etməsinlər. Çünki gələn təkliflərə heç vaxt “Yox” demirəm. Həm də bilirəm ki, o müğənninin büdcəsi də azdır.

- Xaricdə olduğu kimi Azərbaycanda da bir çox modellər özlərini aktyor kimi film və seriallarda sınayırlar. Amma deyəsən sizin belə bir niyyətiniz yoxdur. Yoxsa rejissorlardan təkliflər gəlmir?

- Təkliflər gəlsə də çəkilmirəm. Serial çox zaman alır. Həm də Azərbaycan seriallarına heç kim baxmır. Özüm və ətrafımda olan insanlar da baxmır. Amma qısametrajlı film olsa çəkilərəm. 

- İstər xanım istərsə də, bəy modellərimizin açıq-saçıq fotosessiyası sosial media əhli tərəfindən birmənalı qarşılanmır. Onlar çox vaxt yarıçılpaq foto və video çəkdirən tanınmışları tənqid və təhqir edirlər. Sizin də sosial şəbəkədə açıq-saçıq fotolarınız var. Sizə sosial mediada tənqid və təhqir yazanların qarşısını necə alırsız?

- “Nude” formatında fotosessiyam var. Model yarışmasına qatılmamışdan öncə çəkdirmişdim. Fotosessiyadan olan bir neçə şəkili sosial media səhifələrimdə paylaşmışam. Model sahəsində açıq-saçıq fotolar olmalıdır. Burada qəbahət görmürəm. Məşhurların açıq-saçıq səhnələrdə çəkilməsinə təhqir və söyüş yazanlar həyat yoldaşları ilə birlikdə gedib “18+” məzmunlu filmlər izləyir.

“Instagram” hesabımda foto paylaşıram, bir də görürsən  hansısa xanım şərh bölümünə “Mənim ərim bundan daha yaraşıqlıdır” yazır. Sənin ərin sənin üçün yaraşıqlıdır. Çalışıram ki, ehtiyyatlı addımlar atım. Söz-söhbətləri sevmirəm”.

- Çəkdirdiyin yarıçılpaq şəkillərinə valideyinlərin necə reaksiya verdilər?

- Valideyinlərim mənim hansı həyat tərzi keçirdiyimi çox yaxşı bilirlər. Hamı da bilir ki, modellik işinə bir hobbi kimi yanaşıram. Həm də axı mən lüt şəkil çəkdirməmişəm.

- Bir çox müsabiqələrin ətrafında “standart” deyim gəzir “İştirakçı yeri pulla alıb”. Aqil Məmiyev də keçirdiyi yarışmalarda yeri pulla satır?

- Aqil Məmiyev: Əgər bir təşkilatçı modellərdən pul alıb, onlara hər hansı mükafat verirsə, bu onun acizliyindən irəli gəlir. Dəfələrlə modellərdən bu kimi təkliflər gəlib.

Bu anda yarışmanın icraçı direktoru Pərviz Əzimzadə söhbətə qarışır: “Best model of the Azərbaijan – 2018” yarışmasında yaxşı yer almaq üçün Aqilə bir iştirakçı bahalı avtomobil təklif etmişdi (gülür).

Hər zaman onlara rədd cavabı vermişəm. Mənə pul təklif edən iştirakçı yarışmada çox zəif nəticə göstərərək geriyə addımlayıb. Biz gəlir əldə etmək üçün “Best Model”-i keçirmirik. Gəlir məqsədi ilə çox işlər görmək olar. Bu layihəni sırf Azərbaycan mədəniyyəti üçün və bu sahənin Azərbaycanda inkişafı üçün və şəxsi iş “portfoliyam” üçün etmişəm. Mən bu kimi xırda və incə nüanslara diqqət edirəm.

Pərviz Əzimzadə: Özünə güvənməyən təşkilatçı məcburdur yerləri satsın. Çünki onun məqsədi sırf pul qazanmaqdır. İştirakçıları isə klublardan, barlardan toplayır. Görkəmi olan bir xanım tapır, ondan beş min alır, salır iştirakçıların arasına. Müsabiqə də o xanımın üzərində qurulur. Modelliyə laiq olmayan, boyları ilə çəkiləri düz gəlməyən xanımları iştirakçılar seçir. Elə bu səbəbdən də həmin model yarışmalar iştirakçılar daxil olmaqla lağa qoyulub, məsxərə predmetinə çevrilir.

- Azərbaycanda bir çox xanım modelləri “eskort” xidməti göstərməkdə günahlandırırlar. Keçirdiyiniz yarışmalarda iştirakçılar arasında bu hala rast gəlmisiniz?

Aqil Məmiyev: “Best Model”-in iştirakçıları arasında “eskort” xidmətləri göstərən xanım olmayıb. Biz əxlaqi zəif, “İQ” səviyyəsi aşağı, doğru-düzgün cümlə qurub, fikir mübadiləsi apara bilməyəni yarışmaya götürmürük. Hətta görünüşü əla olsa belə. Çünki onlar Azərbaycanın, bizim təşkilatın adına ləkə sala bilər”.

Nuru Əhmədov: Pişiyin əli ətə çatmayanda deyir ki, iylənir. İnsan gərək gördüyü şey haqda danışsın. Çalışıram ki özümü elə aparım ki, o cür (red : intim) suallar və təkliflər almayım. Kənardan kiminsə mənim yanımda olması mənə lazım deyil. Mənə lazım olan insanlar yanımdadır. 

Rəşad ƏLİYEV 
FOTO: Ramil ZEYNALOV