Cinayət aləminin keçmiş sakini: Qazamat həyatını sevirdim, azadlıq qəribə gəlir

20:00 04-12-2019 8

Yaşar Ağayev ömrünün 27 ilini həbsxanaya qurban verib. İçkinin həyatını məhv etdiyini deyən keçmiş məhkum, 2 gəncin həyatına son qoyub. Özü də sırf eyni məhəllədə yaşayan xanıma görə.

Məhəlləyə gələn oğlanlardan birini öldürən Yaşar Ağayev 14 il azadlıqdan məhrum edilir. Cəzasını çəkib bitirdikdən cəmi bir gün sonra isə digər oğlanı da taparaq öldürür və məhkumluq həyatı yenidən başlayır... Bu dəfə də 13 il...

O, öz həyatını belə izah edir: 

“12 yaşımdan içkiyə başladım. İçki məni bu günə qoydu. Məhəllə qızının ardınca iki oğlan gəlirdi, mən də birini öldürdüm. 14 il yatıb çıxdıqdan sonra səhəri günü digər oğlanı öldürdüm. Məhkəmədə cəza kəsiləndə bir dəqiqəlik peşman oldum, sonra dedim ki, gecdi, qatar getdi artıq”.

Cinayət aləmində tanınmış sima olduğunu deyən müsahibimiz bu aləmdə gedən proseslər haqqında da danışdı:

“Uşaqlıqdan cinayət aləmini sevirdim, həmişə qazamat istəyirdim. Azadlıq qəribə gəlir mənə”.

“İçəridə günləriniz necə keçirdi sualına” isə keçmiş məhkum belə cavab verdi:

“Çox gözəl”.

Yaşar Ağayev azadlığa çıxdıqdan sonra ailə həyatı qursa da, bu dəfə də bəxti gətirməyib:

“Ailə qursam da, bu dəfə də bəxtim gətirmədi. Bir qızım da var. Amma nə mənim onlardan xəbərim var, nə də onların məndən. Görmək istəyirsinizmi soruşsaz, deyərəm ki, xeyr. Səbəbi isə məndə gizli sirr qalacaq”.

Keçmiş məhkum söhbətimizin sonunda gəncləri cinayət aləmindən uzaq olmağa və azadlıqlarının qədrini bilməyə çağırdı: 

“Cinayət aləmindən uzaq durun, o aləmdən heç kimə xeyir gəlməyib. Azadlığınızın qədrini bilin”.

Sail Ağasəlim

Vasif Miradəmoğlu