Sərxoş ana möhkəm ağladığı üçün 10 aylıq qızını qatar tualetinin qabağına atdı - VİDEO

20:00 14-01-2020 463

Rusiyada baş vermiş valideyn zorakılığı kameraların obyektivindən yan keçməyib. 

“Komsomolskaya Pravda” xəbər verir ki, hadisə Simferepol – Moskva qatarında baş verib. 

Gecə vaxtı, bütün sərnişinlərin yatdığı bir zamanda kupelərin birindən yarıçılpaq vəziyyətdə çıxan 36 yaşlı, sərxoş qadın qucağında gətirdiyi 10 aylıq körpəni vaqonun tambur hissəsində tualetin önünə ataraq kupeyə qayıdıb.  

Onun arxasınca gələn 7 yaşlı digər qızı isə anasına mane olmağa çalışsa da, bunu bacarmayıb. Amma yerə atılmış körpəni tez götürüb və sakitləşdirməyə çalışıb.  

Daha sonra kupedən çıxan və qadının sevgili olduğu öyrənilən kişi körpəni qucağına götürüb. 

Vaqonun kameralarına düşən hadisədən dərhal sonra stansiyaya zəng edən bələdçi təcili şəkildə polis və həkimin köməyinə ehtiyacları olduğunu bildirib.  

Növbəti stansiyada ailə qatardan düşürülüb və növbətçi polis hissəsinə aparılıb. 

Körpə uşaq xəstəxanaya, böyük uşaq isə sosial reabilitasiya mərkəzinə göndərilib.  

Övladına qarşı zorakılıq edən qadın haqqında isə cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.  

Maraqlıdır ki, o, uşağı bərkdən ağladığı üçün çölə atdığını deyib.