Baş həkim xəstəxanada bir gecədə iki nəfərin ölməsinin səbəbini açıqladı - ÖZƏL

14:00 15-01-2020 122

Həkimlərin hər iki xəstə üçün zəruri olan bütün tədbirləri görməsinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

Bu sözləri HerGun.Az-a açıqlamasında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri institutunun baş həkimi İman Rzayev deyib.

O bildirib ki, xəstələrdən biri ürək-ağciyər çatışmazlığından, digəri isə qanaxmadan vəfat edib:

“Hər iki xəstə Ağ Ciyər Xəstəlikləri İnstitutunda müalicə alıb. Binəqədi rayon sakini 1985-ci il təvəllüdlü Rəşad Qəniyev ürək-ağciyər çatışmazlığından əziyyət çəkirdi. Əvvəllər narkotik vasitə istifadəçisi olub. Müalicə dövründə həkim personalı əllərindən gələni ediblər. Hətta xəstə müalicə dövründə kəskin reaksiya göstərərək həkimlərin üzərinə bıçaq da çəkmişdi.

Digər xəstə Lerik rayon sakini 1978-ci il təvəllüdlü Qafarov Azad Həsənağa oğlu isə qanaxma ilə daxil olub. Əvvəl vəziyyətinə uyğun olaraq cərrahiyə, daha sonra isə reanimasiya şöbəsinə yerləşdirilib. Gecə saatlarında qəflətən xəstənin ağciyərlərində qanaxma başlayıb və boğulmadan dünyasını dəyişib. Həkimlər hər iki xəstə üçün əllərindən gələni etsə də onların həyatını xilas etmək mümkün olmayıb”.

Könül Cəfərli