İcra Hakimiyyəti: “Təmirə ehtiyacı olan yollar barədə tədbirlər görüləcək”

13:40 11-02-2020 378

“Bir küçəyə asfalt örtüyü çəkiləndə 15 küçənin sakinləri ayağa qalxırlar ki, bizim küçəyə də asfalt çəkilsin”.

Bu barədə HerGun.Az-a Xəzər Rayon İcra Hakimiyyətinin İqtisadiyyat şöbəsindən Binə qəsəbəsi sakinlərinin yolların vəziyyəti ilə bağlı şikayətinə cavab olaraq məlumat verilib.

İcra Hakimiyyətinin (İH) İqtisadiyyat şöbəsinin özünü təqdim etmək istəməyən xanım nümayəndəsi əvvəlcə İcra Hakimiyyəti tərəfindən yol çəkilmədiyini və yolların asfaltlanmasının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirildiyini dedi.

Şikayətin Binə qəsəbəsində “türmənin arxası” kimi tanınan ərazinin yollarından olduğunu və israrla qəsəbədaxili küçə və yolların icra strukturlarının nəzarətində saxlanıldığı diqqətə çatdırdıqdan sonra İH-nin xanım nümayəndəsi sözügedən ərazi ilə bağlı sakinlərin şikayətinə baxılacağını bildirib:

“Bir küçəyə yol çəkiləndə digər küçədə yaşayan sakinlər də müraciət edirlər ki, onların da yollarına asfalt örtüyü çəkilsin. Təbii ki, bütün yollara eyni anda asfalt çəkilə bilməz. Bu işlər mərhələli şəkildə aparılır. Sakinlər tərəfindən həmin yolların vəziyyəti ilə bağlı şikayətlər gəlib. Bizim vətəndaş müraciətləri ilə bağlı bazamız var. Bütün şikayətlər əsasında ərazilərə baxış keçirilib və məlumatlar bazaya daxil edilib.

Yolların vəziyyətini nəzərə alaraq, ardıcıllıq təyin edilib. AAYDA tərəfindən bizdən asfaltsız yolların siyahısı tələb olunan zaman siyahını onlara təqdim edirik. Biz də istəyirik ki, sakinlər qəsəbədaxili küçə və yollarda rahat hərəkət etsinlər. Mərhələli şəkildə rayon ərazisinə daxil olan 7 qəsəbənin hər birində təmirə ehtiyacı olan yollar barədə tədbirlər görüləcək”.

Könül Cəfərli