“Kobra Pərviz”in “Survivor” mücadiləsi: “Dəfələrlə müraciət etsə də, istəyi reallaşmırdı” - ÖZƏL

15:20 11-02-2020 484

Kikboks üzrə dünya çempionu, “Qəbələ” İdman Klubunun üzvü Pərviz Abdullayev (“Kobra Pərviz”) Türkiyənin məşhur “Survivor” yarışmasına qatılıb.

HerGun.Az-ın əməkdaşı reytinqləri alt-üst edən, hamının dörd gözlə gözlədiyi və sevə-sevə izlədiyi sözügedən layihədə iştirakı təsdiqlənən P.Abdullayev ilə əlaqə saxlayıb. Hazırda Dominikan Respublikasında olan P.Abdullayevin “Survivor”da iştirakı ilə bağlı bütün suallarımıza idmançının əmisi oğlu Faiq  Abdullayev cavab verib.

O, “Kobra Pərviz”in “Survivor”a qatılmaq üçün dəfələrlə qeydiyyatdan keçdiyini vurğulasa da, bəxtinin yalnız bu ərəfədə üzünə güldüyünü söylədi:

“Pərviz “Survivor”a çoxdandır ki, qatılmaq istəyirdi. Dəfələrlə müraciət etsə də, amma onun bu istəyi reallaşmırdı. Ötən il yenə də müraciət etmişdi və müsbət cavab almışdı. O, bir neçə dəfə Türkiyəyə gedib, realiti-şou ilə bağlı görüşlərdə oldu.

“Hə” cavabı alandan sonra proqramda ciddi dəyişikliklər edildi. “Məşhurlarla – Könüllülər”i dəyişərək, ölkələrarası “Yunanıstan-Türkiyə” yarışmasını saldılar. Məhz bu səbəbdən Pərviz yarışmadan uzaqlaşmalı oldu. Çünki “Survivor”un bu bölümündə yalnız türk vətəndaşları iştirak edə bilərdi.

Proqramın rəhbərliyi Pərvizə “Survivor”un növbəti buraxılışlarında iştirak edə biləcəyini bildirmişdilər. Onlar sözlərinin üstündə durdular və Pərvizi yenidən yarışmaya çağırdılar.

Bir aydır ki, Pərviz Türkiyədədir. Yenidən ard-arda görüşlərdə iştirak etdi. Bütün görüşləri keçdikdən sonra müsbət rəy alıb və “Məşhurların” komandasına onu qəbul ediblər. Yarışmada iştirak etmək üçün iki gündür ki, Pərviz Dominikan Respublikasındadır. Artıq çəkilişlərə start verilib”.

“Pərviz ilk azərbaycanlıdır ki, ölkəmizdən “Survivor”a qatılır” - deyən F.Abdullayev yarışmada yaşanan qalmaqallara idmançının tam hazır olduğunu vurğuladı:

“Psixoloji cəhətdən Pərviz bu yarışmaya hazırdır. Bununla bağlı dəfələrlə onunla söhbətimiz olub. Özü yarışmanı diqqətlə izləyib. Orada baş verən bütün hadisələrdən, qalmaqallardan xəbəri var. Özü deyirdi ki, həyatda necəsənsə, oyunda da elə olmalısan. Orada “taktikadan istifadə edim, şoularda olduğu kimi rola girim” kimi məqamlar gərək etməyəsən. Belə edəndə əksinə, geriləyirsən. 

O, bütün çətinliklərə hazırdır. Pərviz yarışma ərəfəsində 1 həftəyə 8-9 kiloqram çəki atır. O, bütün çətinliklərə sinə gərməyə qadirdir. Aclığa dözümü yüksəkdir. Xarakteri güclüdür, böyük səbrə malikdir”.

F.Abdullayev redaksiyamızın əməkdaşı ilə söhbətində “Bu yarışmanı Azərbaycanda təşkil etmək Acunun planlarına daxildir” - deyib, “Survivor”un yayıma başlanacağı tarixi açıqladı. 

“Yarışın ilk bölümü fevral ayının 16-dan etibarən, Türkiyənin “TV8” kanalında yayımlanacaq. Biz həmin tarixi bütün ailəmizlə birlikdə səbrsizliklə gözləyirik”.

Rəşad Əliyev