Azərbaycanda əhali ərzağa nə qədər pul xərcləyib?

13:20 12-02-2020 16

2020-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 3,2 faiz üstələyərək, 3,1 milyard manata bərabər olub.

HerGun.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ticarət dövriyyəsinin 1,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,5 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib. Satılmış məhsulların dəyəri 2019-cu ilin yanvar ayına nisbətən real ifadədə müvafiq olaraq 2,7 faiz və 3,6 faiz artıb.

Hesabat ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,8% ərzaq məhsullarının, 6,1% içkilər və tütün məmulatlarının, 17,6% toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6%  elektrik malları və mebellərin, 5,4% avtomobil yanacağının, 1,3% əczaçılıq və tibbi malların, 0,7% kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1% isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2020-ci ilin yanvar ayında istehlak məhsullarının dəyər ifadəsində 23,6% ticarət müəssisələri, 49,2% fərdi sahibkarlar tərəfindən, 27,2% isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin yanvar ayı ilə müqayisədə, pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,1%, fərdi sahibkarlar üzrə 0,8% artıb, bazar və yarmarkalarda isə 8,4% azalıb.

Hesabat ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 309,1 manat və ya 2019-cu ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 15,3 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 157,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,9 manatlıq qeyri-ərzaq məhsulları alıb.