Bakıda məktəbliyə qarşı quldurluq edən qardaşlar tutulub - FOTO

17:00 12-02-2020 25

Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan 15 yaşlı uşağa qarşı quldurluq edilib. Hadisə zamanı naməlum şəxslər zərərçəkən orta məktəbdən qayıdan zaman ona yaxınlaşaraq fiziki zor tətbiq edib, iki ədəd mobil telefonunu əlindən alıblar. 

Bu barədə HerGun.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Bakı ŞBPİ-nin Cinayət-Axtarışı İdarəsi və Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkənin iki ədəd mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər məhkum olunmuş İlkin Orucov və qardaşı Murad Orucov saxlanılıblar. 

Hadisə zamanı Murad və İlkinlə bərabər quldurluq cinayətində iştirak edən Xalid Quliyev isə bir müddət əvvəl narkotik vasitələrin qanunsuz olaraq alqı-satqısı ilə məşğul olduğu üçün tutulub.

Faktla bağlı 25-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Murad və İlkin Orucov qardaşlarının əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə aidiyyəti üzrə ərazi polis orqanlarına müraciət edə bilərlər.