Əməkdar artist: “Milyon da təklif etsələr, toyda aparıcılıq etmərəm” - ÖZƏL

14:20 15-02-2020 528

“Verilişimdə qonaqlar heç bir yerdə etmədiklərini edirlər. Bu, özü bir yenilikdir. Bir də görürsən ki, müğənni elə bir həmkarının parodiyasını edir ki, heç zaman ondan bunu gözləmirsən”.

Bu sözləri HerGun.Az-ın əməkdaşı ilə söhbətində Əməkdar artist Dilarə Əliyeva deyib.

O, aparıcısı olduğu “Söhbət var” axşam şousuna gələn qonaqların istedadını yenidən kəşf etdiyini bildirib:

“”Gələn qonağımın artistlik qabiliyyətinin olub-olmadığını araşdırıram. Röya Ayxan, Abbas Bağırov və “Fəlakət” obrazı kimi tanıdığımız aktyor Elşən Orucov qonağım olanda, onlardan kiçik bir səhnəcik canlandırmağı xahiş etdik. Aktyorluq qabiliyyətlərini onlar elə nümayiş etdirdilər ki, sanki bu, öncədən hazırlanmış tamaşa idi. Həmin səhnəcik sözün əsl mənasında “bomba” kimi partladı”.

Teleaparıcı heç zaman toylarda aparıcılıq etməyəcəyini vurğulayıb:

“Təbii ki, toy aparmaq təklifləri alıram. Amma mənə milyon da təklif etsələr, razılaşmaram. Çünki özümü orada görmürəm. Mənim üçün əsas və önəmli olan səhnə və televiziyadır, serial və filmlərdə çəkilməkdir. Heç bir qonorar müqabilində, ehtiyacım olsa da belə, toylarda aparıcılıq etmərəm”.

Müğənnilərin “Aparıcıların səviyyəsi aşağıdır. Verilişə gedəndə onlar çalışırlar ki, bizi gözdən salsınlar” ittihamlarına isə D.Əliyeva belə cavab verib:

“Müğənnilərin aparıcıları tənqid etməsini öz üzərimə götürmürəm. Əgər bir müğənni verilişə qonaq gedirsə, ədəb-ərkan qaydalarına əməl etməli, hərəkətlərinə fikir verməlidir. Sərhədləri aşanda ikilinin arasında mübahisə düşür və qalmaqal yaranır”.

“Arxiv kadrlarınıza nəzər saldıqda nə hisslər keçirirsiniz?” sualına Əməkdar artistin cavabı belə olub:

“Arxivimə indi nəzər salanda nostalji anlara qapılıram. Bu günümə nəzər saldıqda isə fikirləşirəm ki, indi o günlərdən daha yaxşıdır. Bu gün etdiklərimi, onda edə bilmirdim”.

Rəşad Əliyev