Tailandda fəaliyyət göstərən azərbaycanlı iş adamından xeyirxah addım

12:20 23-03-2020 19

Artıq bəşəriyyət üçün qlobal problemə çevrilmiş COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başlatdığı hərtərəfli ictimai səfərbərlik çağırışı ölkəmizin sərhədlərindən kənarda da öz müsbət töhfələrini verir.

Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyindən Trend-ə verilən məlumata əsasən, Tailandda yaşayan Azərbaycan əsilli iş adamı Gündüz Qasımlı burada akkreditə olunmuş Azərbaycan səfirliyi ilə yaxın əməkdaşlıq edərək, beynəlxalq uçuşların dayandırılması ilə əlaqədar bu ölkədə hərəkət məhdudiyyətləri ilə qarşılaşmış soydaşlarımıza kömək edib.

Bu səpkidə o, hazırda Tailandın beynəlxalq hava limanlarından çıxışı mümkün olmayan 20 nəfərə yaxın Azərbaycan vətəndaşını iqamətgahı Malayziyada yerləşməklə, ölkəmizin Tailand, Myanma və Bruneydəki səfirliyinin əlaqələndirməsi və logistik dəstəyi ilə müvəqqəti yaşayış yeri və onların gündəlik zəruri ehtiyaclarının ödənilməsi ilə təmin edib.

COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi nümunəvi siyasətin təkcə ölkəmizdə deyil, vətənimizdən kənarda olan soydaşlarımız arasında da böyük ruh yüksəkliyi yaratdığını bildirən azərbaycanlı iş adamı, bu çətin dövrün hər azərbaycanlıya öz milli mənsubiyyətindən irəli gələn soydaş öhdəliklərini xatırlatdığını vurğulayıb.

G.Qasımlı vətən təəssübkeşi olan hər bir azərbaycanlının bu prosesdə böyük qürurla iştirak etdiyindən əmin olduğunu bildirilib.

Ölkəmizin Malayziyada, eyni zamanda, Tailanddakı səfiri Qaley Allahverdiyev Azərbaycan Prezidentinin bu qlobal çağırışla mübarizədə böyük qətiyyət və oxşarsız liderlik keyfiyyəti nümayiş etdirdiyini, onun müraciətinin ölkə vətəndaşlarını və ölkəmizdən kənarda yaşayan soydaşlarımızı fəal ictimai səfərbərliyə cəlb etdiyini vurğulayıb.

Səfir Q.Allahverdiyev bu səpkidə azərbaycanlı işadamı G.Qasımlının nəcib davranışının təqdirə layiq hal olduğunu qeyd edib, məkanından asılı olmayaraq bütün həmvətənlərimizi bir qayə ətrafında birləşdirən Azərbaycanşılıq ideasının bu çətin sınaqdan da üzüağ çıxacağından əminliyini ifadə edib.