Bağlanan banklarda əmanəti olanların NƏZƏRİNƏ

16:20 22-05-2020 13

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “AGBank” və “NBC Bank” ASC-lərin əmanətçilərinə müraciət edib. 

Bildirilib ki, əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” qanuna uyğun olaraq kompensasiya olunacaq.

Müraciətdə qeyd edilib ki, kompensasiya ödənişi zamanı əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:

16 iyun 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentinə qədər (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların verilməsi;

15 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların verilməsi.

Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətlərin qaytarılması prosesi haqqında vətəndaşlara məlumat veriləcək.