Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə danışıb

19:00 22-05-2020 510

Mayın 21-də İran tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov və İran İslam Respublikasının Birinci vitse-prezidenti İshaq Cahangiri arasında telefon danışığı olub. 

Nazirlər Kabinetindən HerGun.Az-a verilən məlumata görə, telefon danışığı əsnasında koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə iki ölkə tərəfindən görülən uğurlu tədbirlərə dair məlumat mübadiləsi aparılıb. 

İran tərəfi pandemiyaya qarşı mübarizə məqsədilə göstərilən humanitar yardıma görə Azərbaycana təşəkkürünü bildirib. 

Yükdaşımalarının fasiləsiz şəkildə həyata keçirilməsini təmin etmək üçün nəqliyyat dəhlizləri çərçivəsində görülən işlər xüsusi vurğulanıb. 

İran tərəfi pandemiya dövründə İran vətəndaşlarının Azərbaycan ərazisindən öz ölkələrinə qayıtmaları üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib. İran tərəfi mayın 22-də daha 120 İran vətəndaşının Astara keçid məntəqəsindən öz ölkələrinə qayıtmaları barəsində məlumatlandırılıb. 

İran tərəfi Azərbaycanda məhkum olunan İran vətəndaşlarının humanizm prinsiplərinə əsaslanaraq ekstradisiyasının mümkünlüyünü nəzərdən keçirməyi bir daha xahiş edib. 

Telefon danışığı əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.