Tibb işçilərinə may ayı üzrə 13,7 milyon manat müddətli əlavə ödənildi

15:00 23-06-2020 378

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 8376 nəfər tibb işçisinə, 2476 nəfər qeyri-tibb işçisinə may ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödəyib.

Agentlikdən verilən məlumata görə, Bakı şəhəri üzrə 61, respublikanın digər şəhər və rayonları üzrə 87 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə may ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq, 13,7 milyon manat müddətli əlavə ödənilib.

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:

1. Tibbi profilaktik tədbirləri həyata keçirən 2172 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 1.8 milyon manat ödənilib.

2. Təcili tibbi yardım xidməti göstərən 3893 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 287 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının dörd misli məbləğində cəmi 6.7 milyon manat ödənilib.

3. Pasiyentlərə stasionar tibbi xidmət göstərən 2024 nəfər tibb işçisinə  aylıq vəzifə (tarif) maaşının beş misli məbləğində cəmi 2.9 milyon manat ödənilib.

Qeyd edək ki, mart ayı üzrə Agentlik tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 21634 tibb işçisinə, 2386 qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat, aprel ayı üzrə isə 10354 tibb işçisinə, 2734 qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 13.9 milyon manat müddətli əlavə ödənilib.