İstanbulda yenidən Azərbaycana dəstək mitinqi keçirilib - VİDEO

13:40 30-07-2020 378

“Beynəlxalq hüququn növbəti tələblərini pozaraq, Azərbaycana qarşı təxribatlar törədən Ermənistana qarşı dünyadakı bütün soydaşlarımız hiddətlənərək ayağa qalxıb. Bir azərbaycanlının dırnağına daş dəyərsə, bizim Türkiyədə qəlbimiz sızlayır. Ona görə də, buradayıq”.

Baku TV xəbər verir ki, İstanbulun Küçükçekmece rayonunda işğalçı Ermənistanı qınamaq məqsədilə keçirilən tədbirdə bu fikirlər səsləndirilib.

İstanbulda fəaliyyət göstərən Heydər Əliyev adına məktəbin dəstəyi ilə keçirilən aksiyada məktəbin direktoru Muhammed Karasu tədbir iştirakçıları adından bəyanat səsləndirərək, Ermənistanın iyulun 12-dən başlayaraq Azərbaycanın Tovuz rayonu istiqamətində təxribatlar törətməsi, iyulun 14-də bu təxribatlar nəticəsində Azərbaycan ordusunun general-mayoru da daxil olmaqla, 12 hərbçinin şəhid olması haqqında, qarşı tərəfin bu xain hücumlarının yetərincə cavablandırılması barədə aksiya iştirakçılarına məlumat verib.

“İşğalçı Ermənistan və zəhərli daşnak düşüncə daşıyıcıları bilməlidir ki, Türkiyənın İğdır, Qars, Ərdahan kimi bölgələrində Türkiyə vətəndaşı olan Ermənistanın əhalisindən də çox Azərbaycan türkləri yaşayır. Onlarla bərabər Türkiyənin 80 milyon vətəndaşının da qəlbi Azərbaycanladır”, - deyə, Muhammed Karasu bildirib.

Türkiyənin bütün imkanları - gücü, silahları, ordusu, gənci və yaşlısı ilə Azərbaycanın yanında olduğu bildirilib.