Füzulidə partlamış raket hissəsi aşkarlandı - FOTO

21:20 01-08-2020 353

Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu, Mirzənağılı kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Füzuli rayon Mərkəzi Xəstəxanasının əməkdaşları əraziyə göndərilib və birlikdə ərazidə bir ev və həyətyanı sahəyə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd 12.7 mm-lik patron və bir ədəd partlamış 122 mm-lik 9M22U raketinin arxa motor hissəsi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Patronun və raketin ətrafında 250 kv.m əraziyə yerüstü, 130 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.