“Neftçi”nin anlaşdığı futbolçunun kim olduğu bilindi: Prins imiş

13:40 09-09-2020 458

UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qalatasaray”la qarşılaşacaq “Neftçi”nin anlaşdığı futbolçunun adı bilinib.

Bu, Konqo millisinin hücumçusu Prins İbaradır.

24 yaşlı afrikalı futbolçu Konqoda oynadıqdan sonra Qabonda “Pelikan”, Tunisdə “Bizerten”, Qətərdə “Əl-Vakra”, Əlcəzairdə “Aljir” klublarının şərəfini qoruyub. O, ötən ilin yayında Avropaya – Belçikanın I divizion klubu “Beersxot”a keçib. Bu komanda ilə elitaya vəsiqə qazanan İbara Belçika çempionatında 12 matçda meydana çıxsa da, qol vura bilməyib.

Konqo millisində 11 oyun keçirib, üç qola imza atmış Prins İbaranın bu axşam Bakıya gəlişi gözlənilir.

Qeyd edək ki, “Neftçi” bu yay transfer pəncərəsində Belçika və Braziliya bazarına daha çox üstünlük verib. Belçikanın “Lokeren” klubundan nigeriyalı Yusuf Naval və Mərakeş əsilli belçikalı Sabir Buqrin transfer olunub.

Səbuhi Musayev