Ukrayna telekanalı Azərbaycan səfirinin müsahibəsini yayımlayıb - FOTO/VİDEO

18:20 09-09-2020 813

Azərbaycan ilə Ukrayna arasında dostluq əlaqələrində ən uğurlu məqam siyasi münasibətlərdə hər hansı fikir ayrılığının olmamasıdır. Hər iki ölkə beynəlxalq arenada bir-birinin ədalətli mövqeyini açıq şəkildə müdafiə edir.

AZƏRTAC xəbər verir ki, bu fikri “Ukrayna 24” telekanalına müsahibəsində Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova söyləyib.

Səfir bildirib ki, Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış edir, qarşılıqlı etimad göstərirlər. Ancaq iqtisadi münasibətləri inkişaf etdirmək, ticarət dövriyyəsini artırmaq lazımdır. Bunun üçün mövcud potensialdan maksimum istifadə etmək vacibdir.

“Azərbaycan bir sıra beynəlxalq nəqliyyat layihələrinin müəllifidir. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə yükdaşımaları sahəsindəki potensialdan yetərincə istifadə edilməlidir. Burada yükdaşımalarında sərfəli tarif məsələsi müzakirə edilərək həllini tapmalıdır. Bundan başqa, GUAM ölkələri arasında azad iqtisadi zonanın yaradılması layihəsi müzakirə olunur.

Burada da əsas problem tarifin müəyyənləşdirilməsi, gömrük məsələləridir. Bu istiqamətdə də müzakirələr davam etdirilir”, - deyə Elmira Axundova bildirib.

Müsahibəsində təhsil mövzusuna da toxunan diplomat Ukraynada təxminən 7 min azərbaycanlının təhsil aldığını söyləyib.

Qeyd edək ki, müsahibədən əvvəl Elmira Axundova “Ukrayna” və “Ukrayna 24” telekanallarının İnformasiya yayımı üzrə direktoru Yuriy Qusak və “Ukrayna 24” telekanalının baş redaktoru Vitaliy Tarasov ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Ukrayna telekanalları arasında əməkdaşlığın qurulması, birgə layihələrin reallaşdırılması məsələləri müzakirə edilib.