Millimizdə debütunda oyunu ilə seçilən futbolçu kimdir? - DOSYE

19:20 09-09-2020 505

UEFA Millətlər Liqasının Kipr – Azərbaycan oyununda ən çox diqqəti cəlb edən futbolçulardan biri Rəhim Sadıqov oldu.

Millidə debüt edən futbolçu 77 dəqiqə meydanda qaldı. Dəqiq ötürmələri, soyuqqanlılığı ilə seçilən Sadıqov millimizin kapitanı Maksim Medvedevin 29-cu dəqiqədə vurduğu qolda da müəyyən pay sahibi idi. Məhz onun sol cinahdan ötürməsindən sonra Kipr millisinin müdafiə xəttində gərginlik yaşandı.

Bəs Rəhim Sadıqov kimdir? HerGun.Az oxucuların bu barədə suallarını nəzərə alaraq, Sadıqovu tanıtmağa qərar verib.

Rəhim Fuad oğlu Sadıqov Rusiya futbol məktəbinin yetirməsidir. 1996-cı ilin iyulun 18-də doğulmuş futbolçu məhz qonşu ölkənin paytaxtı Moskvada dünyaya göz açıb.

2013-2014-cü illərdə Moskva “Spartak”ında futbolun sirlərinə yiyələnmiş Sadıqov peşəkar karyerasına 2015-ci ildə II divizionda çıxış edən paytaxtın “Solyaris” klubunda start verib. Burada bir mövsüm çıxış etdikdən sonra karyerasını hazırda I divizionda mübarizə aparan Moskva “Torpedo”sunda davam etdirib.

Burada üç il çıxış edən futbolçu 71 oyuna 23 qol vurub. O, həmçinin “Torpedo” II divizionda çıxış edərkən “Mərkəz” zonasının 2018/19 mövsümündə ən yaxşı oyunçusu seçilib. Məhz buna görə 2018-ci ildə Rusiya Premyer Liqa təmsilçisi “Ural”ın diqqətini cəlb edib. Lakin o, bu klubda baxışda olsa da, bəyənilməyib.

Ötən ilin yayında “Torpedo” ona iki dəfə qalması üçün təklif etsə də, futbolçu yeni müqavilə bağlamaqdan imtina edib. Hazırda 24 yaşı olan Rəhim ötən il sentyabrın 12-də Azərbaycana gəlib və “Sumqayıt” klubu ilə iki illik müqavilə bağlayıb. İki gün sonra “Zirə” ilə matçın 64-cü dəqiqəsində meydana daxil olaraq Azərbaycan Premyer Liqasında debüt edib.

Rəhim Sadıqov millilərimizə yad sima deyil. O, əsas milliyədək iki aşağı yaş qrupu üzrə yığmamızda çıxış edib. Belə ki, 2012-ci ildə 17, bir il sonra 19 yaşadək millilərimizdə oynayıb.

Səbuhi Musayev